Qarabağda yalnız Azərbaycan ordusu var!-Zeynal Əmrəliyev- ÖZƏL
17 Aprel 2024 21:12 Siyasət"Bu hadisə MBD tarixində ilkdir. İndiyə qədər rus qoşunlarının sakit şəkildə hansısa keçmiş sovet ölkəsindən çıxması müşahidə olunmayıb".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Bu, ilkdir ki, rus qoşunları sakit şəkildə olduqları zonanı tərk etdilər. Bu, Azərbaycan dövlətinin böyük uğurudur. Cənab Prezidentin yeritdiyi siyasətin nə qədər düzgün olduğunu göstərir. Bir daha Azərbaycan dövləti öz gücünü, bütün ərazilərdə suverenliyini tam şəkildə bərpa edərək nümayiş etdirdi. Buna görə Azərbaycan xalqı sevinir. Bunu biz sosial şəbəkələrdən, ictimaiyyət nümayəndələrin çıxışlarından görürük. Bizim gözlədiyimiz məsələ şükür ki, dövlət başçısı Cənab İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində sakit şəkildə, sülh və əminamanlıqla başa çatdı. Artıq Azərbaycan ordusu bütün Azərbaycan ərazilərinə nəzarət edir və Qarabağda yalnız Azərbaycan ordusu var. Bu, Azərbaycanın tam qələbəsi və suverenliyimizin tam bərpasıdır."