Bu siyasət o qədər antiazərbaycan mahiyyətinə malikdir ki..-Oqtay Qasımov- ÖZƏL
17 Aprel 2024 20:16 Siyasət"Son 3 il yarımdır Fransanın Azərbaycana qarşı apardığı siyasət qəbuledilməz bir siyasətdir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu siyasət o qədər antiazərbaycan mahiyyətinə malikdir ki, son addım kimi sanki müharibə elan olunması qalıb. Belə ki, 44 günlük savaş dövründə rəsmi Parisin mövqeyi Azərbaycanın əleyhinə idi. Faktiki olaraq beynəlxalq hüquq kənara qoyularaq Azərbaycan ittiham olunub. Fransa prezidenti hələ o zaman Azərbaycan ordusunun tərəfində döyüş üçün guya Yaxın və Orta Şərqdən terrorçuların gətirildiyi iddiası ilə çıxış edib Azərbaycana böhtan atdı. Ardınca BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmağa çalışdı ki, antiazərbaycan bir qətnamə qəbul olunsun, bu da alınmadı. Ardınca Fransa Parlamenti, Senat və Milli Assambleyası Azərbaycan ərazisində fəaliyyət göstərən terrorçu xunta rejimininin müstəqilliyini tanımaqla bağlı qərar qəbul etdi. Bu müddət ərzində Fransa 5 dəfə Azərbaycanın əleyhinə hansısa qərar çıxarılması üçün BMT Təhlükəsizlik Şurasının çağırılmasına nail olub, amma hansısa bir qərar qəbul olunması mümkün olmayıb. Bu da Fransa diplomatiyasının uğursuzluğu sayılmalıdır. Bundan əlavə Fransa prezidentinin 2022-ci il Praqa toplantısında dördtərəfli görüşdən sonra Azərbaycan əleyhinə verdiyi açıqlamalar Fransanı bu prosesin tamamilə kənarında qoydu. Azərbaycan qəti mövqe nümayiş etdirərək rəsmi Parisi bu proseslərdə kənarda saxladı. Bütün bunlar azmış kimi rəsmi Paris Azərbaycan ekoloqlarının Xankəndi-Laçın yolundakı aksiya ilə bağlı BMT Təhlükəsizlik Şurasında məsələ müzakirə etməyə cəhd etdi. Keçən ilin iyulunda Laçın sərhəd buraxılış məntəqəsinin yanındakı humanitar şounun əsas rejissotu və planlaşdıranı rəsmi Paris idi. Biz yaxşı xatırlayırıq ki, həmin müddətdə Fransanın bir çox şəhərlərinin, o cümlədən, Paris və Strasburq merləri də bu aksiyalara qatılaraq antiazərbaycan bəyanatları səsləndirdilər. Keçən ilin avqust-sentyabr ayında Fransanın təşəbbüsü ilə məhz Qarabağ ermənilərinin məsələsi adı ilə iki dəfə BMT Təhlükəsizlik Şurasının iclası çağırıldı və bu da bir nətucə vermədi. Fransa bu formatdan kənar Avropa quruluşlarında, o cümlədən, Frankofoniya təşkilatında da antiazərbaycan qərarları almağa çalışdı, bəzilərində də müvəffəq oldu. Belə ki, Avropa İttifaqı Nazirkər Komitəsinin, o cümlədən AŞPA və digər bu kimi qurumlarda antiazərbaycan qərarlar almaqla münasibətləri dərin şəkildə korladı. Bunlar azmış kimi Fransa tərəfindən Evian şəhərində Xurşudbanu Natəvanın heykəlinə qarşı vandallıq törədildi və Fransa buna heç bir reaksiya vermədi. Bundan əlavə Parisdəki Azərbaycan səfirliyinə bir neçə dəfə erməni terrorçular hücum təşkil etdilər. Fransız polisi bu məsələlərə müdaxilə etməyərək təhlükəsizliyi təmin etmədi. Bununla da beynəlxalq konvensiyaları pozdu. Bütün bunlar iki ölkə arasında münasibətlərə kifayət qədər ciddi təsir etdi. Son dövrlər isə artıq Fransa açıq şəkildə Ermənistana hərbi dəstək verməklə, onu silahlandırmaqla məşğuldur. Ermənistanı revanşa sürükləyən, təşviq edən əsas ölkə rolunda çıxış edir. Bundan başqa Fransa Ermənistan şərti sərhəddinə Aİ-nin missiyası adı ilə kəşfiyyatçılardan ibarət qrup göndərib, Ermənistanla hərbi sahədə anlaşmalar imzalayıb və Ermənistanı aktiv şəkildə silahlandırmaqla məşğuldur ki, bu da təbii ki, Azərbaycanla Fransa arasındakı münasibətlərə ciddi şəkildə təsir edərək zədələyib. Azərbaycan hər bir ölkə, o cümlədən, Fransa ilə beynəlxalq hüquq və qarşılıqlı hörmət əsasında münasibətlərin tərəfdarıdır. Amma qarşı tərəf bunu etmirsə, bu artıq Azərbaycanın günahı deyil. Nəzərə alsaq ki, Fransanın səfiri keçən il Bakıda fəaliyyət göstərən səfirlik və diplomatik korpusun beynəlxalq təşkilatların nümayəndələrinə telefon açaraq onlara təzyiq göstərməyə çalışırdı ki, işğaldan azad olunan ərazilərə səfər etməsinlər. Fransanın Bakıdakı səfirliyində çalışan bəzi diplomatların diplomatik etikaya, bu fəaliyyətə uyğun olmayan davranışları, casusluqla məşğul olmaları aydın oldu. Bu da Azərbaycan tərəfindən beynəlxalq hüquqa uyğun addımların atılmasına gətirib çıxardı. Bu baxımdan Azərbaycan və Fransa münasibətlərinin korlanmasının birbaşa səbəbkarı rəsmi Paris, prezident Makron və onun komandasıdır".