Makron səfirlə bərabər öz iş adamlarını da çağırmalıdır-Zeynal Əmrəliyev- ÖZƏL

"Fransa aqressiv hərəkətləri ilə Azərbaycana qarşı çox düşmənçilik siyasəti aparırdı. Torpaqlarımız azad olunandan sonra biz Fransanın əsl üzünü görməyə başladıq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Ermənistanı müdafiə etməsinə rəğmən Azərbaycan  Fransa ilə normal münasibət qurmağa səy göstərdi. Azərbaycan Fransanın şirkətlərinin  Azərbaycandakı fəaliyyətinə göz yumdu, şərait yaratdı. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərməsinə   razılıq verdi. Ancaq Fransa vasitəçi kimi öz missiyasını uğurla icra etmədi. Baxmayaraq ki, münaqişənin həllində vasitəçi idi, dəfələrlə Azərbaycana qarşı qərəzli, haqsız mövqeyinin şahidi olduq. Bu da yeni suallar meydana çıxarırdı ki, Fransa niyə belə edir? Azərbaycan əgər Fransaya hansısa pislik etmək istəsəydi, birinci növbədə Fransanın Azərbaycandakı şirkətlərindən başlayardı. "Total" Azərbaycan neftinin hesabına milyardlar qazanır. Digər şirkətlər Azərbaycan iqtisadiyyatının hesabına milyardlar qazanır. Makron səfiri qəbul edərkən deyib ki,  Azərbaycanın Fransaya qarşı münasibəti qərəzlidir. Əgər Fransaya qarşı Azərbaycanın mövqeyi qərəzlidirsə, gəlsin fransız mediası öz şirkətlərindən soruşsun ki, nə zaman Azərbaycan onlara qarşı ayrıseçkilik edib, onların fəaliyyətinə mane olub? 
Son zamanlarda Fransanın etdiklərini görürük. Azərbaycanı hədəf alması, Azərbaycana qarşı olan layihələrdə iştirak etməsi, hətta Ermənistanın özündən daha radikal addımlar atması, Azərbaycanda agentura şəbəkəsi qurmaq istəməsi (bu şəbəkə ifşa olundu) və s. bunlar çox böyük hərəkətlərdir. Fransanın Azərbaycana bu cür münasibət göstərməsinə heç cür haqqı yoxdur. Əgər Fransa diplomatik böhran istəyirsə, Makron səfiri çağırıb məsləhətləşmə aparırsa, səfirlə bərabər öz iş adamlarını da çağırıb məsləhətləşmə aparsın ki, biz Azərbaycanla münasibəti korlasaq, necə olacaq? Bunda yalnız Fransa itirəcək. Bu, Fransa iqtisadiyyatına milyardlarla dollar ziyan deməkdir. Həmin şirkətlər razı olacaqlarmı? Başda "Total" olmaqla Azərbaycandakı Fransa şirkətləri öz dövlət başçılarına, Yelisey sarayında oturanlara, başda Emmanuel Makron olmaqla Fransanı idarə edənlərə, nazirlərinə başa salmalıdırlar ki, bu cür münasibətlər onların özləri və ümumilikdə Fransa üçün ziyandır. Makron məsləhətləşmək üçün xanım səfiri çağıranda, iş adamlarını da çağırıb məsləhətləşsə, daha yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31