Azərbaycan-Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı-Elçin Xalidbəyli- ÖZƏL

"Rusiya sülhməramlılarının  Azərbaycan ərazisindən çıxarılması olduqca vacib hadisədir. Bu, həm Rusiya, həm də Azərbaycan üçün böyük önəm daşıyan prosesdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Üstəlik də bu prosesin  Azərbaycan və Rusiyanın siyasi rəhbərliyi tərəfindən ortaq anlaşma, razılaşma ilə reallaşdırılması daha da böyük önəm daşıyır. Faktiki olaraq bu məsələ ətrafında Azərbaycan və Rusiya arasında hansısa ziddiyyət mövcud deyil və bir-birinin maraqlarını həssas qarşılayır. Bu baxımdan Rusiya sülhməramlı qüvvələrinin  Azərbaycandan çıxarılması  Azərbaycan-Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı olacaq. Üstəlik də bu mərhələ iki dövlət arasında geopolitik tərəfdaşlıq statusunun qazandığını göstərir. Onu da nəzərə almaq lazımdır ki, Kremldə çox gözəl anlayırdılar ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanda görəcəyi bir iş qalmayıb. Azərbaycan onilliklər boyu davam edən çox önəmli problemi artıq həll edib. Azərbaycan özünün bütün ərazilərində suverenliyini bərpa edib. Bu baxımdan da artıq Rusiya sülhməramlılarının  Azərbaycanla Ermənistan arasında hansısa sülh missiyasını yerinə yetirməsinə ehtiyac qalmayıb. Rusiya siyasi dairələrindən verilən açıqlamalarda da bu önəmli məqam son vaxtlar qeyd olunurdu. Nəzərə alanda hesab etmək olar ki, Azərbaycan və Rusiya olduqca önəmli bir problemi diplomatik yolla iki dövlətin ortaq anlaşması sayəsində, qarşılıqlı hörmət çərçivəsində nail olublar. Bu da olduqca təqdirəlayiq haldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31