Artıq Cənubi Qafqazda rus ordusuna ehtiyac yoxdur-Mübariz Göyüşlü- ÖZƏL
17 Aprel 2024 16:11 Siyasət"Bunlar gözlənilən idi. Düzdür, bəzi bədxahlarımız bu məsələni qara fonda təqdim etməyə çalışırdılar. Azərbaycan dövlətinin uğurlarını da kölgələmək istəyirdilər ki, güya bu separatizmi ləğv etmək olmayacaq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib: ""Xankəndi, Xocalı və digər yerləri azad etmək mümkün olmayacaq" deyə qara kompaniya aparırdılar. Azad olunandan sonra da başladılar ki, rus ordusu çıxmayacaq, onlar girdiyi yerdən çıxmır. Amma biz görürük ki, hər şey Azərbaycan dövlətinin, Prezindentinin nəzarətindədir. Bütün prosesləri Azərbaycan dövləti addım-addım gerçəkləşdirir. Bölgədə Azərbaycanla Ermənistan arasında münaqişə var idi. Müəyyən müddət üçün rusların da iştirakına ehtiyac var idi. Artıq bu münaqişə həll olunub, separatizm ocağı söndürülüb. Burada nə Rusiyanın, nə də hansısa Qərb ölkəsinin silahlı qüvvələrinə ehtiyac yoxdur. Azərbaycan dövləti, ordusu vəziyyətə tam şəkildə nəzarət edə bilir və nəzarət edir. Bu anlamda düşünürəm ki, bu, təbii qarşılanmalıdır. Bir daha qayıtmaması şərti ilə rus ordusuna uğurlar arzulayırıq. Rus ordusuna artıq Qarabağda, hətta ümumilikdə Cənubi Qafqazda ehtiyac yoxdur. Rus ordusuna qərb sərhədlərini qorumaq, Ukraynayla olan münaqişədə mövqe tutmaq üçün oralarda daha çox ehtiyac var. Ona görə də, bunu Azərbaycan dövlətinin növbəti uğuru kimi qiymətləndirirəm. Artıq bizim ərazimizdə bütün separatizm, münaqişə məsələlərinə aid olan problemli məqamlar arxada qalıb. Bundan sonra ancaq daha güclü Azərbaycan uğrunda çalışmaq lazımdır".