Azərbaycan davamlı inkişafı, təkmil islahatları ilə dünyanın diqqətindədir- ÖZƏL

"Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə ölkəmizin dayanıqlı inkişafına töhvə verəcəyi şübhəsizdir. Çünki, Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində bu gün öz su mənbələrimizə tam sahib olmuşuq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, vaxtilə Ermənistan təkcə torpaqlarımızı deyil, su resurslarımızı da işğal etmişdir: "Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları  ümumi su resurslarımızın 25 faizini təşkil edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb. Öz dogma yurd-yuvalarına qayıdan soydaşlarımız artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində bu ərazilərdə taxılçılıq, meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir. Kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının - çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev "Biz hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik" söyləyərək həm hədəfi, həm də ona nail olmağın yollarını açıqladı. Atılan bütün addımların əsasında bir  məqsəd dayanır ki, ölkəmiz hərtərəfli inkişaf etsin, insanlar yüksək rifah şəraitində yaşasınlar. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan davamlı inkişafı, təkmil islahatları ilə dünyanın diqqətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31