Bu Qərbin növbəti oyunlarıdır -Ramiz Alıyev- ÖZƏL
16 Aprel 2024 19:28 Siyasət"ABŞ, Aİ, Fransanın Cənubi Qafqaza gəlməsi təkcə İranın yox, regiondakı digər dövlətlərin də səbrini daşırır. ABŞ, Aİ, Fransa Cənubi Qafqaza hakim olmaq, Cənubi Qafqazı münaqişə ocağı kimi dünyaya tanıtmaq və burda yeni münaqişə ocaqları yaratmaq istəyir. Buna nə Azərbaycan, nə Cənubi Qafqazdakı ölkələr, nə də ona qonşu olan ölkələr icazə verməyəcək".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev qeyd edib:
"Cənubi Qafqazda ən zəif həlqə olan Ermənistan Qərbin aləti və oyuncağına çevrilərək yenidən onların istəklərini həyata keçirmək və onların dəyirmanına su tökməklə məşğuldur. Hesab edirəm ki, Ermənistan öz dövlətinin gələcəyini düşünsə, bu cür təhlükəli oyunlardan uzaq durar. Ən azından Ukrayna faktı Ermənistana yad deyil. Ermənistan bunu görə bilir. Eyni zamanda Qərbin digər ölkələrin başına gətirdiyi oyunları, sonunda həmin ölkələri ortaya buraxaraq geri çəkildiyini görsə, Ermənistan bu cür oyunlardan kənar gəzər. Ermənistanın bu cür hərəkətləri və Qərbin Ermənistan üzərindən yeni oyunlar qurmaq istəyi İranı qıcıqlandıracaq və İran regionda Qərbin belə oyunlar quraraq yeni münaqişə ocaqları yaratmaq cəhdlərinə də göz yummayacaqdır. Qərb yeni münaqişə zonası yaratmaqla məşğuldur. Qərbin xüsusi oyunlar planı var. Burada İran-İsrail, eyni zamanda Cənubi Qafqazda Ermənistan üzərindən yeni qurduğu oyun bu münaqişənin cəbhəsini böyütmək və ümumiyyətlə dünyada yeni müharibələr və münaqişələr zonası yaratmaq uğrunda yeni hədəflərə çatmaq məqsədli daşıyır. Ölkələr diqqətli olmalıdır. Qərb, Aİ, Fransanın bu cür oyunlarına getməməlidir. Region dövlətləri öz talelərini regionda həyata keçirməlidir. Region dövlətləri ilə birlikdə müzakirələr aparıb, problemlərini çözə bilər.
Ermənistanı boş vədlərlə inandırıb Rusiyaya qarşı, digər region dövlətləri olan İrana, Azərbaycana və s. qarşı təxribatlara çəkmək də Ermənistanın sonunu gətirəcək. Hal-hazırda Gürcüstanda da müəyyən daxili münaqişə baş verir. Hakimiyyətlə xalq arasında müəyyən anlaşmazlıq mövcuddur. Xalqla hakimiyyətin qarşıdurması baş verməkdədir. Bu da Qərbin növbəti oyunudur. Qərbin bu cür oyunları yalnız və yalnız həmin ölkələrin öz xalqlarına və dövlətlərinə zərər vurur. Biz bu yaxınlarda gördük ki, Ermənistanı Avropaya çağırdılar, orada üçtərəfli görüş oldu. Öncədən vədlər verildi, proqnozlar oldu, pafoslu çıxışlar oldu. Yekunda gördük ki, 60 milyon dollar, 270 milyon avro ayırmaqla Ermənistanı həvəsləndirdilər. Biz, baxsaq görərik ki, Rusiya özü Ermənistana bundan 4 dəfə artıq maliyyə yardımı göstərir. Bu bir daha onu göstərir ki, ABŞ, Aİ, Qərb üçün hansısa bir ölkənin gələcəyi, inkişafı maraqları deyil. Qərb və Aİ üçün maraqlı olan həmin ölkələrdən öz mənafeləri üçün necə istifadə edə biləcəkləridir. Bu maraqlar üzrə öz planlarını qururlar. Bunu Ermənistan da anlamalı və bu cür oyunlara getməməlidir".