Azərbaycan daxilində sabitliyin qorunması vacibdir-Elçin Xalidbəyli- ÖZƏL

"Belə müşahidə olunur ki, Qərb siyasi dairələri Cənubi Qafqazda gərginliyin artmasında, yeni münaqişə ocağının yaranmasında maraqlıdırlar".

Bu fikirləri Olaylar.az- a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Rusiyanın cənub sərhədlərində Rusiyaya yeni problemlər yaratmaq  istiqamətində müəyyən cəhdlər göstərilir. Bu prosesdə də Azərbaycana qarşı məkrli planların qurulduğu müşahidə olunur. Əsas məsələ ondan ibarətdir ki, ABŞ və bəzi Qərb siyasi dairələri, o cümlədən Avropa Birliyi Ermənistanı silahlandırmaqla Cənubi Qafqaz regionunda öz güclərini artırmaq niyyətinə düşüblər. Belə görünür ki, Ermənistan üzərindən Azərbaycan hədəf alınıb və Azərbaycanı yeni münaqişəyə cəlb etmək niyyətindədirlər. Bu baxımdan hesab etmək olar ki, Azərbaycan üçün kifayət qədər ciddi təhdidlər mövcuddur. Cənubi Qafqazda status-kvonu, 44 günlük savaşdan sonra yaranmış situasiyanı dəyişmək istiqamətində israrlı cəhdlər göstərilir. Ona görə də, indi  Azərbaycanın daxilində sabitliyin maksimum səviyyədə qorunması olduqca vacibdir. İctimai-siyasi proseslərdə daha ehtiyatlı və daha milli birliyə yönəlik addımların və fəaliyyətlərin göstərilməsi daha önəmlidir. Belə qəliz situasiyadan Azərbaycan yalnız ictimai-siyasi anlamda  sabitliyin qorunması, vahid mövqenin nümayiş etdirilməsi ilə çıxa bilər. Ona görə də, indiki situasiyanın ölkədaxili fəaliyyət göstərən bütün siyasi qurumlar tərəfindən nəzərə alınması və Azərbaycan dövlətinə yardımçı olması olduqca vacib faktorlardan biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31