ABŞ-Aİ-Fransa üçlüyünün Cənubi Qafqaza gəlməsi İranı narahat edir?-Əli Mustafa- ÖZƏL
16 Aprel 2024 16:18 Siyasət"Cənubi Qafqazda ABŞ-nin, Aİ-nin ya da Fransanın olması İranın səbrini tükədirmi? Doğrudanmı, İranı narahat edir?"
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Bu belədirsə də, İran sanki buna reaksiya vermir. Reaksiyasını bir formada gizlədir. Belə bir qənaət var ki, onların burda olması İran üçün o qədər də təlaş doğurmur. Ya da Ermənistan üzərindən onların burda olması İranı narahat etmir. Bəlkə də burda ABŞ, Gürcüstan, Azərbaycan və s. dövlətlərin münasibətləri İranda qıcıq yarada bilər. Amma konkret olaraq Ermənistanda Aİ, ABŞ, Fransa nə oyun çıxarır çıxarsın, İran buna reaksiya vermir. Buna belə bir qənaət hasil edir ki, Ermənistan məsələsində onlar uzlaşıblar. Ermənistana kim kömək edir etsin, lap İranın düşməni, ya da dostu olmasından asılı olmayaraq İran bundan narahat deyil. Çünki, Ermənistan onun qırmızı cizgisidir. Biz gördük ki, 30 il müddətində o, bir dəfə də olsun Ermənistana "gözün üstə qaşın var" demədi, əksinə əməkdaşlıq etdi. Azərbaycan bir balaca Ermənistanı cəzalandıranda isə narahat oldu. Ola bilsin, İranı burda Türkiyənin mövcudluğu daha çox narahat edir. Ola bilsin, digər Türk dövlətlərinin, yaxud da Azərbaycanı müdafiə edən dövlətlərin mövcudluğu da narahat edir. Bu baxımdan İranı anlamaq, haqqında fikir irəli sürmək ki, o, hansı dövlətin burda olmasından rahatdır, narahatdır, bunu demək çox çətindir. İran bəzən reallıqla imitasiya arasında ustalıqla rəqs edir. Açığı, gerçəkdə İran kimin yanındadır, hansı strategiyanı, nəyi istəyir, Cənubi Qafqazla bağlı planları nədir, bunları müəyyənləşdirmək o qədər də sadə deyil. Onsuz da o, Rusiyanın arxa bağçası olduğunu qəbul edir. Özünün də müəyyən maraqları var, mövcudluğunu təmin edir. Amma konkret Azərbaycana münasibətdə hər xırda şeydən qıcıqlansa da, Ermənistana münasibətə gəldikdə isə, çox təmkinlilik nümayiş etdirir. Ona görə də, bu, ABŞ-Aİ-Fransa üçlüyünün Cənubi Qafqaza gəlməsi məsələsi deyil, onların Cənubi Qafqazda kiminlə əməkdaşlıq etməsi, və ya hansı planlarının olması İranın Cənubi Qafqazla bağlı siyasəti ilə uzlaşmır".