Bu gərginliyin Üçüncü Dünya müharibəsi fonunda qiymətləndirilməsi zəruridir...-Sultan Zahidov- ÖZƏL

"Hazırki dünya bir çoxlarına görə artıq Üçüncü Dünya müharibəsinin astanasındadır. Həm Rusiya-Ukrayna cəbhəsində baş verənlər, həm Yaxın və Orta Şərqdə son bir neçə gündə artan gərginlik, ələlxüsus İran-İsrail arasındakı hərbi eskalasiya ehtimalı, eyni zamanda, Uzaq Şərqdə Çinin Tayvana yönəlik aqressiv siyasəti bir çoxlarına görə Üçüncü Dünya müharibəsinin şəklidir". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Belə olan halda sözsüz ki, Cənubi Qafqaz da ciddi risklərlə üzləşir. Söhbət burada ilk növbədə Cənubi Qafqazın yerləşdiyi coğrafi ərazidən gedir ki, bu ərazilər də Şimalda Rusiya, Cənubda  İranla həmsərhəddir. Hazırda dünya hegemonluğu uğrunda geosiyasi mübarizə dünyada ayırıcı xətlərin yaranmasına təkan verən amillərdəndir. Belə görünür ki, növbəti dünya müharibəsində bir tərəfdə Rusiya, İran, Çin və onun müttəfiqləri, digər tərəfdə də ABŞ, Britaniya və onun müttəfiqləri olacaqdır. Sözsüz ki, belə bir müharibənin baş verəcəyi təqdirdə Cənubi Qafqaz da yerləşdiyi coğrafi mövqe baxımından ciddi təhdidlərlə üzləşmiş olacaq. Cənubi Qafqazdakı proseslərin hazırki istiqamətinə nəzər yetirsək görərik ki, burada böyük ölkələr arasında geosiyasi, acımasız rəqabət özünü göstərməkdədir. Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ başda olmaqla Qərb dünyası aydındır ki, Rusiyanı Cənubi Qafqazda zəiflətməyə çalışır. Bunun üçün hər cür yola və vasitəyə əl atmaq strategiyasını rəhbər tuturlar. Bu vasitələrdən biri də sözsüz ki, Ermənistandır. Bu gün Ermənistanın Fransa başda olmaqla Qərbin himayəsində hərəkət etdiyi artıq heç kimdə şübhə doğurmur. Ermənistanın regiondakı destruktiv siyasəti, Azərbaycana qarşı təxribatları və eyni zamanda da sülh prosesinə töhfə verməməsi onu göstərir ki, Ermənistan bu gün Qərb bölgələrinin əlində bir maşa, bir alətdir. Bu da sözsüz ki, regional sabitliyi təhdid altına alır. Bu gün Fransa kimi ölkələr hər vasitə  çalışırlar ki, Ermənistan kartından istifadə edərək regionda nüfuz dairələrini genişləndirsinlər, öz maraqlarını təmin etsinlər. Amma sözsüz ki, bu onların istədiyi kimi olmur. Çünki, Azərbaycan, Türkiyə və s. başda olmaqla buna qarşı duran ölkələr var. Bu da Qərbin regiondakı maraqlarını müəyyən mənada puç edir. Amma istənilən halda hazırda baş verən proseslər, Qərbin Cənubi Qafqaza soxulmaq cəhdləri, Ermənistanın Qərbin əlaltısı olmağı, eyni zamanda da  Rusiya və İranın Ermənistanın bu Qərbyönümlü siyasətindən narazılığı bizim regionumuzda da əfsuslat olsun ki, növbəti eskalasiyanı istisna etmir. Cənubi Qafqazda növbəti dəfə yeni bir gərginlik ocağı yaranarsa, bu gərginliyin Üçüncü Dünya müharibəsi fonunda qiymətləndirilməsi zəruridir. Çünki, belə bir gərginlik baş verərsə, burada söhbət Ermənistanla Azərbaycanın deyil, Rusiya ilə Qərbin, İranla Qərbin toqquşmasından gedə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31