Birmənalı şəkildə erməni diasporasının sifarişləri əsasında fəaliyyət göstərən qurum...-Oqtay Qasımov- ÖZƏL
16 Aprel 2024 13:34 Siyasət"Qərbi Azərbaycan İcması haqlı olaraq Lemkin adına institutun fəaliyyətini tənqid edib. Bu institut birmənalı şəkildə erməni diasporasının sifarişləri əsasında fəaliyyət göstərən bir qurumdur".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Son illər həmin qurumun Azərbaycana, o cümlədən Türkiyəyə qarşı təxribatçı və iftira xarakterli mövqeyinə dəfələrlə rast gəlmişik. Bu qurumun aktiv şəkildə fəaliyyət göstərməsinin əsas səbəblərindən biri orada olan institutun təsisçisinin və digər nümayəndələrinin əksəriyyətinin birbaşa erməni diasporası ilə əlaqədə olması, onlar tərəfindən maliyyələşdirilməsi ilə bağlı olan məsələdir. Beləliklə həmin qurum əslində, soyqırımlar və digər etnik təmizləmələrlə bağlı məsələlər əvəzinə tamamilə fərqli olaraq müxtəlif qüvvələrin əlində siyasi və təbliğat ruporu kimi fəaliyyət göstərməkdədir. Bu baxımdan Qərbi Azərbaycan İcmasının bu mövqeyi haqlı mövqedir. Bu cür qurumlara qarşı beynəlxalq səviyyədə ifşa kampaniyası aparılmalı, onun əsl mahiyyəti ictimaiyyətə çatdırılmalıdır. Söhbət yalnız Azərbaycan ictimaiyyətindən getmir, bu qurumun fəaliyyəti, onun hansı mənbələrdən maliyyələşdirildiyi, hansı qüvvələr tərəfindən yönəldildiyi ilə bağlı ifşa materialları davamlı şəkildə çap olunmalı, beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırılmalıdır".