Azərbaycan dövlət maraqlarını, xalqının marağını qoruyan siyasət yeridir-Elşad Həsənov- ÖZƏL

"Artıq Üçüncü Dünya müharibəsi reallığı gedir. Bu müharibə Rusiya-Ukrayna müharibəsindən başladı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov qeyd edib:

"Dünyanın 54 ölkəsi- Avropa, NATO ölkələri, Amerika Ukraynaya kömək edir. Bunu dəfələrlə Rusiya siyasiləri də bildiriblər ki, biz, Ukrayna ilə yox, Amerika, NATO ölkələri ilə müharibə aparırıq. Ona görə, bu müharibənin qızışması, yenidən Şərqdə də müharibə başlaması müharibəni daha da böyüdür. 
Müharibə qaçılmaz idi. Çünki demokratik ölkələr bir yerdə cəm olublar. Digər güclər-Rusiya, İran, Şimali Koreya və nisbətən də Çin isə həmin Avropaya, Amerikaya qarşı birləşiblər. Azərbaycan isə özünün yaxın dostları, qardaşları-Türkiyə, Türkdilli dövlətlər, TDB ilə münasibətləri daha da yaxınlaşdırır. Bu, artıq strateji müttəfiqlik vəziyyətinə gəlib çıxıb. Bu gün Türk dövlətləri öz güclərini hələlik, göstərə bilmir. Çünki müharibə gedir, hələlik hər tərəfdə parçalanma gedir. Dünya "od tutub yanır". Bu müharibənin qaçılmaz olduğu həm də ondan irəli gəlir ki, ayrı-ayrı dövlətlər, məsələn Rusiya dünyaya ağalıq etmək istəyir. Hərbi gücünü artırandan sonra özünün qardaş bildiyi Ukraynaya hücum etdi. Artıq 2-ci ildir ki, müharibə davam edir. Eyni zamanda digər ölkələrə qarşı da Rusiya öz şiddətini göstərir. Hətta onları da təhdid etməkdən çəkinmir. Bu mənada, bu gün Cənubi Qafqazda vəziyyət çox gərgindir. Azərbaycanı da bu müharibəyə sürükləmək istəyirlər. Bədnam qonşumuz olan ermənilərdən alət kimi istifadə edirlər. Son günlər sərhəddə törədilən təxribatlar, Azərbaycan tərəfinin atəşə tutulması onu göstərir ki, Ermənistanın arxasında duran Fransa, Amerika Azərbaycanı da münaqişəyə cəlb etmək istəyir. Cənubi Qafqazda da müharibənin alovlanmasını istəyirlər. 
Təbii ki, belə bir şəraitdə Azərbaycan özünün dövlət maraqlarını, xalqının marağını qoruyan siyasət yeridir. Dövlətin təhlükəsizliyini təmin etmək üçün əlindən gələn bütün işləri görür. Eyni zamanda əhalinin daha təhlükəsiz yaşaması üçün vacib olan məsələləri edir. Bu gün hər bir vətəndaş ona olan təhlükəni nisbətən də olsa mətbuatdan, KİV-dən izləyir, görür. Ancaq vətəndaşlarımızın hamısı anlamır ki, bu gün Azərbaycanda yaranmış sabitlik, rifah, gözəl həyat şəraiti nəyin hesabına olur. Təbii ki, bu da dövlət başçısının apardığı daxili və xarici siyasət, onun komandasının, hökümətinin yerinə yetirdiyi işlərin nəticəsidir ki, bu gün bir Azərbaycan vətəndaşı səhər işinə gedir, işindən gəlir, ailəsini, övladlarını saxlayır, uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olur. O düşünmür ki, bizə kimsə hücum edəcək, ya biz nəsə edəcəyik. Bütün bunlar haqqında düşünən dövlətimiz var. Dövlətin də daha güclü olması üçün hər bir vətəndaş dövlətə kömək, arxa olmalıdır. Onun siyasətini dəstəkləməlidir. Hər an, hər yerdə biz bir olmalıyıq. Birliyimiz nəticəsində biz, 44 günlük Vətən müharibəsində qələbə çaldıq. Məhz Ali Baş Komandanın ətrafında birləşməyimiz nəticəsində torpaqlarımızdan erməni silahlı dəstələrini rədd elədik.  Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Bu da hər bir azərbaycanlının ən önəmli diləyi idi. Bunu da biz xalq olaraq, dövlət olaraq etdik. Bizim əldə etdiyimiz nailiyyəti gözü götürməyən düşmənlərimiz var. Bu səbəbdən, bundan sonra da milli birliyimizi qorumalıyıq. Xalqla dövlət bir olmalıdır ki, biz, müharibələrdən yan keçək. Xalqın, dövlətin təhlükəsizliyini qoruyaq. Buna görə də, hamımız Ali Baş Komandanın ətrafında birləşməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31