Ermənistan baş verən münaqişələrdən istifadə etmək niyyətindədir-Zeynal Əmrəliyev- ÖZƏL

"Çox böyük əfsuslar olsun ki, Ermənistan hər zaman böyük dövlətlərin əlində müxtəlif vasitələrdə istifadə olunmaq üçün alət rolunu oynayır. Ermənilər gah Rusiyanın, gah Rusiyaya rəqib olan Qərb blokunun, yaxud da müxtəlif ölkələrin əlində hələ Ermənistan dövləti yaranmamışdan əvvəl alət kimi istifadə olunublar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Üçüncü Dünya müharibəsinin başlanması prosesi gedir. Toqquşmaların şahidi oluruq. Müxtəlif istiqamətlərdə gərginliklər daha aktiv fazaya keçib. Məsələn, bu yaxınlarda baş verən İran-İsrail gərginliyi yumuşaq formada davam edirdi, ancaq indi qarşılıqlı şəkildə toqquşmaya keçib. Bu məsələdə də Ermənistandan bir vasitə kimi istifadə olunmasına, müxtəlif gərginliklərin yaradılmasına xidmət göstərirlər. Biz, bu məsələlərdə dünyada bu kimi proseslərin baş verdiyini görürük. Ukraynada cəbhəsində son zamanlar daha çox gərginlik hiss olunur. Ukrayna cəbhəsində Rusiyanın daha kəskin şəkildə əməliyyatlarına şahid oluruq. Yenə də böyük hücum əməliyyatları gözlənilir. Eyni zamanda İran-İsrail gərginliyi və başqa bölgələrdə baş verənlər. Ermənistan bunlardan istifadə etmək istəyir. Qazaxın kəndləri ilə bağlı prosesi ləngidir, əlavə olaraq Azərbaycana qarşı haqsız tələblər irəli sürür. Bu yaxınlarda delimitasiya komissiyasının parlament iclasınsa Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın bir açıqlaması oldu ki, biz, delimitasiya prosesinə Tavuş vilayətindən başlamaya bilərik. Bu, əslində, gərginliyin yaradılmasına xidmət edən addımlardır. Görünür ki, Ermənistan Qazaxın kəndlərini vermək istəmir və bu bölgədə yeni gərginlik, atmosfer yaratmaq istəyirlər. Sərhədlərdən güclü şəkildə çəkilmək prinsipi irəli sürülür. Azərbaycan heç vaxt bunu qəbul etməz. Çünki, bu, strateji yüksəkliklərin əldən çıxması deməkdir və Ermənistan sırf bu istiqamətdə çalışır. Bu kimi addımlar Ermənistan rəhbərliyinin Qazaxın kəndləri ilə bağlı məsələ ətrafında müharibə yaratmağa səy göstərdiyindən xəbər verir. Bu da yaxşı heç nə vəd etmir. Bölgədə toqquşmaya gətirib çıxaracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31