Azərbaycanda xalqla dövlət arasında bir vəhdət var-Tural İsmayılov- ÖZƏL
15 Aprel 2024 17:40 Siyasət"Əlbəttə ki, bu gün dünyanın fərqli-fərqli coğrafiyalarında çox ciddi qarşıdurmalar yaşanır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Özəlliklə Azərbaycanın Şimal qonşusu Rusiya Ukrayna ilə, sonuncu olaraq da Cənub qonşumuz İran İsrail ilə aktiv bir müharibə fazasına daxil oldu. Əslində dünyada fərqli coğrafiyalarda Üçüncü Dünya müharibəsi riskinin alovlandırılması yolunda ciddi addımlar atılır. Belə gərgin situasiyasının azalmağında maraqlı olmayan qüvvələr Ermənistandan istifadə edərək Cənubi Qafqazı da növbəti dəfə müharibə poliqonuna çevirmək istəyirlər. Bu baxımdan da aprel ayının 5-də Brüsseldə Aİ-ABŞ-Ermənistan arasnda keçirilən üçtərəfli görüş də məhz Ermənistanın növbəti dəfə qızışdırılmasına və Cənubi Qafqazda növbəti gərginlik ocağının yaradılmasına xidmət edirdi. Amma bütün bunlara rəğmən nəzərə almaq lazımdır ki, belə çətin geopolitik situasiyada və siyasi coğrafiyada yerləşən ölkəmizdə həyata keçirilən uğurlu siyasət ölkədə milli birlik modelinin nə qədər uğurlu olduğunu növbəti dəfə ortaya qoymuş olur. Yəni, bütün dünyanı təlatümlərin, qarşıdurmaların bürüməsinə, Üçüncü Dünya müharibəsinin hər an ortada olması təhlükəsinə baxmayaraq bu gün Azərbaycanda dövlətçilik kifayət qədər güclüdür, xalqla dövlət arasında bir vəhdət var. Azərbaycan xalqı öz dövlətinə güvənir. Dünyada baş verən siyasi qalmaqallar və hərbi ritorika fonunda sabitliyin əldə edilməsini alqışlayır. Əlbəttə ki, Azərbaycandakı bu milli vəhdət, milli birlik modeli belə qarışıq dünya üçün də bir örnək rolunu oynayır".