Zərifə Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi- ÖZƏL
15 Aprel 2024 13:22 Siyasət"Bu gün Zərifə Əliyevanın anım gündür. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş edib. O ən ağır, mürəkkəb əməliyyatlar apararaq görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Bu yüksək insanlıq təkcə bilik, savadla deyil, gendən, Onun böyüdüyü ailədən gələn keyfiyyət idi. Akademik Zərifə Əliyevanın doğulub boya-başa çatdığı ailə, mühiti onun sonrakı taleyində, fəaliyyətində böyük rol oynayıb. Çünki O, atasının görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirib. Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev yüksək intellekti ilə onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmış şəxsiyyətlərimizdəndir. Ə.Əliyev möhkəm iradəyə, böyük təmkinə malik güclü şəxsiyyət olmaqla yanaşı həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat məktəbi hesab edilir. Sözsüz ki, belə bir ailədə böyüyən Zərifə xanım səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə hər zaman seçilirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında vacib yer tuturdu. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi. Onun alim kimi gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma göz xəstəliyinə qarşı təsirli müalicə üsullarını tətbiqi bu sahədə inqilabi dəyişikliyə səbəb olub".