İki od arasında: “Azərbaycan təhlükəsiz məkana, azadlıq adasına çevrilib”-Elman Cəfərli - ÖZƏL
15 Aprel 2024 11:15 Siyasət"İran-İsrail gərginliyi bir neçə ildir ki, başlanmış 3-cü dünya müharibəsinin tərkib hissəsidir. Biz 2020-ci ildə uğurlu Vətən müharibəsi ilə, 2023-cü ilin sentyabrda nöqtə atışları ilə əsas problemimizi-Qarabağ münaqişəsini həll etmişik.
Şərqi Avropada və Yaxın Şərqdə baş verən hərbi toqquşmaların bizimlə əlaqəsi yoxdur". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
"Bizim öz hədəflərimiz var. Qarabağ münaqişəsi həll edilib. Lakin işğaldan azad olunmuş bölgələrimizin minalardan təmizlənməsi və böyük qayıdış layihəsi icra olunmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməlidir. Lakin Qərbdəki hamilərinin fitnəsi ilə Ermənistan sülhə gəlmək istəmir. Bu azmış kimi Avropa Birliyi, ABŞ Cənubi Qafqazın yenidən döyüş meydanına çevirmək istəyir. Ermənistan Qərbin əlində alətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz hərbi münaqişələrdən kənarda qalıb. Şimal və cənub qonşularımız hərbi münaqişələrə cəlb edilib, lakin Azərbaycan bir təhlükəsiz məkana, azadlıq adasına çevrilib"-deyə, QHT sədri bildirib.
Elman Cəfərlinin sözlərinə görə, İsrail-İran hərbi toqquşması bütün regionda proseslərə təsir etsə də, milli maraqlarımız kənarda qalmağı diktə edir:
"İran-İsrail müharibəsi İraq, Suriya və Güney Azərbaycanda yaşayan soydaşlarımıza təsir edəcək. Biz müharibənin genişlənməsini, soydaşlarımızın qaçqına çevrilməsini istəmirik. Lakin istər Ukrayna-Rusiya, istərsə də İsrail-İran münaqişəsi bizim məsələmiz deyil. Qərbdəki müttəfiqləri Ermənistanı hərbi revanşa hazırlayır. Ermənistanda Aİ missiyası ilə bağlı 5 aprel üçtərəfli görüşü buna misaldır. Qəribədir ki, bu görüşlə, bütövlükdə Qərbin bölgədəki aktivliyi ilə bağlı qardaş Türkiyə, hətta şimal qonşumuz Rusiya reaksiya versə də, İran susqunluq nümayiş etdirdi. Belə çıxır ki, İran Ermənistanın güclənməsindən, Cənubi Qafqazda münaqişənin alovlanmasından yanadır. Buna baxmayaraq biz qonşularımızın hərbi münaqişədən əziyyət çəkməsini istəmirik. Lakin öz milli maraqlarımız var və bu, bizdən ehtiyatlı siyasət yetirməyi tələb edir".