Sosial-iqtisadi inkişafın yeni keyfiyyət mərhələsi

Prezident İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları xüsusi böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxmışdır. Bu kimi məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə, o cümlədən kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar siyasət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.
Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlərdə dinamika və balans gözlənilir. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan edilməsinə baxmayaraq, ölkəmizin digər şəhər və rayonlarının inkişafı da diqqətdən kənarda qalmır. Biz bunu son olaraq bu il Prezident İlham Əliyevin Lənkəran, Neftçala, Hacıqabul, Gəncə və Qəbələyə səfəri zamanı da şahidi olduq. Bu səfərlər zamanı açılışı keçirilən və ya təməli qoyulan obyektlərin sayı, həmçinin onların əhəmiyyəti və ölkənin sosial-iqtisadi inkişafında tutduğu yer bölgələrə diqqət və qayğının bariz təzahürüdür.
Son illərin statistikasına diqqət yetirsək görərik ki, Azərbaycan Prezidenti hər il təqribən 15 rayona (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) səfərlər həyata keçirir, açılış və təməlqoyma mərasimlərində iştirak edir, tikinti aparılan və ya aparılacaq obyektlərdə işlər və ya onların planları ilə tanış olur. Ümumiyyətlə, dövlətimizin başçısının bölgələrə səfərlərinin müntəzəm xarakter daşıdığını aşağıdakı rəqəmlərdən də görmək olar. Bu səfərlər Naxçıvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala və digər istiqamətlər olmaqla, ölkənin bütün regionlarını əhatə edir. Statistikaya nəzər salsaq görərik ki, 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayona, ümumilikdə, 47 səfər həyata keçirilib. Onu da qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib. Bu, Azərbaycan Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının təzahürü kimi xarakterizə olunur.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev hələ 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu çağırışı etmişdir ki, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və indi öz hesabımıza yaşayırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin.
Məhz görülən işlər nəticəsində 2018-2024-cü illər Azərbaycan tarixinə Zəfərlər ili kimi daxil oldu. Tarixi Zəfərimiz, ondan üç il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Azərbaycanın bütün sahələrdə uğurlu inkişafının təqdimatı oldu. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin üzvi bağlılığının məntiqi nəticəsi oldu. 
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31