Ermənistan hansı aqressiv xarakterli radikal addımlarla üzləşə bilər?-Elçin Xalidbəyli- ÖZƏL

"Brüsseldə keçirilən ABŞ-Ermənistan-Aİ arasındakı ortaq konfransda rəsmən elan ediləndən kənar gizli anlaşmaların da ola biləcəyi qətiyyən istisna deyil. Bu, tamamilə mümkündür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Ancaq bu anlaşmaların, Ermənistana verilən vədlərin hansı səviyyədə yerinə yetiriləcəyi bir qədər şüphəli məsələdir. Çünki, rəsmən elan edilən ya da gizli anlaşmalarla verilən vədlər əvəzsiz xarakter danışımır. Bütün bunların əvəzini ödəmək lazımdır. ABŞ və Qərb əvəzini almadan heç kimə heç nə vermir. Ermənistandan tələb olunan əsas məsələ ondan ibarətdir ki, Rusiyadan tamamilə qopub Qərbə inteqrasiya etmək istiqamətində addımlar atmalıdır. İlk növbədə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxmalıdır. Bu iki addımın rəsmən atılması Ermənistan üçün kifayət qədər ciddi təhlükəli çağırışlar vəd edir. Çünki, Rusiya bu iki məsələyə həddindən artıq həssas yanaşır. İndi Ermənistanın buna cəsarəti çatacaq ya çatmayacaq, bu, tamamilə fərqli məsələdir. Çünki, böyük ehtimalla Kremldə Ermənistanın atacağı addımların nədən ibarət olacağını görməyə çalışırlar. Bu baxımdan hesab etmək olar ki, Kreml hazırda Ermənistanla bağlı mövqeyini ya da qərarını müəyyən etmək üçün, qətiləşdirmək üçün Paşinyan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə bağlı qərarını rəsmən elan etməsini gözləyirlər. Əgər bu qərar bu qurumlardan çıxmaq istiqamətində olarsa, o zaman Rusiyanın hərəkətə keçəcəyi qətiyyən şüphə doğurmur. Ermənistan bir sıra ciddi, aqressiv xarakterli radikal addımlarla, reaksiya ilə üzləşə bilər. Bu da ilk mərhələdə Rusiyada yaşayan ermənilərin Ermənistana köçürdüyü illik 3 milyarda yaxın maliyyə vəsaitinin qarşısının alınması ya da bloklanması ilə nəticələnə bilər. Təbii qazın qiymətinin dünya bazarlarına uyğunlaşdırılması və ya ümumiyyətlə kəsilməsi ilə nəticələnə bilər. Eyni zamanda Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın təsiri altındadır. Bu baxımdan, Rusiyanın Ermənistanda sosial-iqtisadi böhran yaratma mexanizmləri kifayət qədər genişdir. Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlı kifayət qədər geniş iqtisadi-ticari güzəştlərə malikdir. Bu güzəştləri itirmiş olacaq. Bu güzəştlərin itirilməsi də Ermənistana olduqca ağır iqtisadi problemlər yarada bilər. Bunun qarşılığında ABŞ və Qərbin Ermənistana hansı səviyyədə dəstək verəcəyi isə kifayət qədər şüphəli bir məsələdir. Ermənistan Rusiyanın bu addımlarına tab gətirmək üçün hər il ABŞ və Qərbdən 3 milyarddan çox maliyyə vəsaiti gözləyir. ABŞ və Qərbin Ermənistana belə böyük məbləğ ayıracağı hələlik o qədər də inandırıcı görünmür. Yəqin ki, yaxın günlərdə bu daha çox aydınlaşmağa başlayacaq. Bu baxımdan Ermənistanla bağlı Brüsseldə gizli anlaşmaların nədən ibarət olduğuna da diqqət yetirmək lazımdır. Bu barədə də məlumatların aydınlaşdırılması daha aydın təsəvvürlər yaratmağa başlayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31