Xalqın dini hissləri özünə qaytarılır-Elşad Həsənov- ÖZƏL
8 Aprel 2024 18:52 Siyasət"Ramazan bayramı Azərbaycan Respublikasında yaşayan müsəlmanların dini bayramıdır. Bu bayram sovet dönəmində də qeyd edilirdi. O zaman inanclı adamlar, dindarlar, yaşlı nəsil oruc tutur və bayramı qeyd edirdilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov qeyd edib:
"Yadımdadır, mən uşaq olarkən Ramazan bayramında qohumlar, yaşlı adamlar evə gələrdilər, bayramlaşardılar. Bu, qohumlar arasında istilik yaradırdı. Ancaq, sovet dönəmində sovet sistemi dinin inkişafına, əhali arasında təbliğinə qabağa qoyurdu. Ona görə, bizdə məhz müstəqillik dövründə, xüsusilə də Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra milli-dini inkişaf başladı. Heydər Əliyev ayrı-ayrı yerlərdə məscidlərin tikilməsi qərarını verdi, dəstək göstərdi. Doğrudan da, bizim dini inanclarımıza qayğı göstərildi. Rayonlarda, kəndlərdə məscidlər tikildi. Bu, bir növ milli dəyərlərə qayıtmaq idi. Xalq öz keçmişinə, dininə sahibləndi. Bu siyasəti son 20 ildə Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir. Dini dəyərlərə çox böyük qiymət verir. Rayonlarda olan zaman məscidlərə baş çəkir. Xüsusilə işğal dönəmində 67 məsciddən 65-nin dağıdılmasını prezident bütün dünyaya car çəkdi, göstərdi. Onların bizim məscidləri murdarlaması, orda donuz saxlaması kimi hallar Azərbaycan Prezidentinin dilindən xarici jurnalistlərə çatdırıldı. Baxmayaraq ki, bizim bədnam qonşularımız bunu bizim milli hisslərimizə toxunmaq üçün etmişdi. Onların havadarı olan fars molla rejimi də bunları görə-görə, bilə-bilə heç bir şey etmirdilər. Allahın evi olan məscidləri onlar dağıdırdılar, ancaq bizim dırnaqarası "din qardaşlarımız"-İslam Respublikası İran buna heç bir diqqət ayırmırdı, qarşı çıxmırdı. Bu da bizi qayğılandırırdı.
Artıq bizim azad olan ərazilərdə böyük yaradıcılıq və quruculuq işləri aparılır. Yeni şəhərlər, kəndlər salınır. Bununla bərabər də bizim köhnə dağıdılmış məscidlər bərpa olunur, yeniləri tikilir. Xalqın dini hissləri özlərinə qaytarılır. Həm də, təkcə Azərbaycanda yaşayan müsəlmanların yox, xristianların da orda kilsələri var. Onlara da diqqət var.
Ramazan şəfqət, barışıq ayıdır. Xüsusilə, bu bayramda küsülülər barışır. Kasıblara imkanlı olan adamlar fitrə zəkatı çıxarırlar, kömək edirlər. Bu elə bir bayramdır ki, hamı bu bayramdan yararlanır, sevinir. Bu il Ramazan bayramı aprelin 10-u qeyd olunacaq. Mən elə bilirəm ki, bu, bizim xalqı daha da birləşdirəcək, gücləndirəcək. Biz, bu birlikdən xalqımızın yaxşı yaşaması, dövlətimiz daha da güclü olması üçün istifadə edəcəyik".