Onlar reallığı başa düşməyə başlayıb-Vüqar Əhmədov- ÖZƏL
8 Aprel 2024 15:10 Siyasət"Brüsseldə bizə konfet yox, konfet kağızı göstərdilər, çünki Avropa və ABŞ-ın 4 il ərzində verdiyi pul Ermənistanda bir dənə də olsun ciddi məsələni həll edə bilməz. Ermənistanın suverenliyi və ərazi bütövlüyü satışa çıxarılıb. Avropanın Ermənistana iqtisadi marağı sıfırdır".
Bu fikirləri erməni professor, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan deyib.
O həmçinin qeyd edib ki, Qərb Paşinyanın göz yaşlarına inanmır. Onlar başa düşürlər ki, Paşinyan müəyyən qədər antirusiyalıdır.
Vahe Davtyanın bu sözlərini Olaylar.az-a şərh edən siyasi şərhçi Vüqar Əhmədov qeyd edib ki, nəhayət deyəsən erməni cəmiyyətində az sayda ağlı başında olan, o cümlədən erməni professor, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan bu reallığı başa düşməyə başlayıb:
"Əlbəttə ki, ABŞ və Avropa İttifaqı tərəfindən ayrılan bu maliyyə Ermənistanda heçnəyi dəyişmək iqtidarında deyil, baxmayaraq ki, qərbdə olan bəzi dairələr və Paşinyan bunu regionda gələcək yeni infrastruktur layihələrinin anonsu kimi qələmə verməyə çalışırlar, lakin bu vəsait itkisindən başqa bir şey olmayacaq. Bütün bu Brusseldə keçirilən 05 Aprel şousunun bir məqsədi var idi, qərbin Ermənistanı düşmüş ağır durumdan çıxarmaq görüntüsü və imitasiyasını yaratmaq. Faktiki Ermənistan özünü bu gün dalana salıb, Rusiya ilə münasibətləri gərgin vəziyyətdədir, Cənubi Qafqazda qurulan regional kommunikasiyaların heç birində yer almır, faktiki bu gün Ermənistanın qərbə, Qara dənizə çıxışı Gürcüstan vasitəsiilədir, sabah birisigün ora da çıxış çətinləşərsə, neyləyəcəklər? Bütün bu addımları ilə Paşinyan ölkəsini daha çox izolasiya etmiş olacaq.
Paşinyan faktiki olaraq ölkəni elə duruma salıb ki, bu vəziyyətdən çıxmaqdan ötrü Qərbi bölgəyə gətirməkdən savayı özünə bir çıxış yolu qoymayıb. Lakin erməni cəmiyyətində də anlmağa başlayıblar ki, bu onlar üçün çox riskli və təhlükəli perspektivlər vəd edir. Faktiki bir neçə yüz milyon avroya görə Ermənistan ciddi itkilərlə üzələşə bilər.
Əslində bu gün Qərbin də bölgəmizdə oynadığı oyun bölgəmiz üçün çox təhlükəlidir, bu cəhdlər artıq formalaşmış orta dəhlizin konfiqursiyasını dəyişmək cəhdləridir. Qərbin bəzi dairələrində belə bir plan bir neçə il bundan əvvəl də var idi, görünür ki, indi bunu gerçəkləşdirmək haqqında düşünürlər və öz əlaltıları İrəvan vasitəsi ilə bunu etməyə çalışırlar. Qeyd etdiyim kimi, mən, Qərbin başlatdığı bu oyunun sonunu heç yaxşı görmürəm, çünki faktiki olaraq bu oyunda Qərb və Paşinyan coğrafiyamızda yeni bir münaqişə ocağına yol açmış olacaqlar".