Heç kim Cənubi Qafqazda Azərbaycana qarşı mövqe üstünlüyü əldə edə bilməz-Kazım Kazımov- ÖZƏL

"Cənab Prezidentlə Türkiyənin keçmiş xarici işlər naziri, hal-hazırdakı AK Parti millət vəkili, Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Mövlud Çavuşoğlu arasındakı görüş hər zamankı kimi xoş keçmişdir". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki, Türkiyə və Azərbaycan tarixən də, bu gün də, sabah da qardaş ölkə olaraq qardaşlıq əlaqələrini daim inkişaf etdirəcəkdir, bu şübhəsiz bir haldır. Görüşün məzmununa baxdığımızda, əslində, bu iki ölkənin qardaşlıq simvoludur. Dünən-5 apreldə Aİ, ABŞ nümayəndələri ilə Ermənistan arasında bir görüş keçirildi. Cənab Prezident Mövlud Çavuşoğlu ilə görüşərkən, əslində, Qərbə qarşı Türkiyə-Azərbaycan birliyini, qardaşlığını bir daha vurğuladı deyə bilərik. Görüşün məzmununa baxsaq, cənab Prezident Brüssel görüşünə diqqət çəkdi və ifadə etdi ki, əslində, ABŞ və Aİ nümayəndələri Brüssel görüşündən qabaq cənab Prezidentlə telefon danışığı etmişlər. Bildirmişlər ki, bu görüş Azərbaycana qarşı yönəlməyib. Cənab Prezident də haqlı olaraq nəzərə çatdırdı ki, bu görüş əslində, Azərbaycanın əleyhinə yönəlib. Çünki, Ermənistanın burada bir marağı vardır: Azərbaycanı bölgədə təcrid etsin və Azərbaycana qarşı qərbli havadarları ilə iş birliyi içərisində olsun. Qərbin də əsas məqsədi cənab Prezidentin də vurğuladığı kimi Ermənistandan forpost olaraq istifadə etməkdir. Hər nə qədər Ermənistan tərəfi də, Qərb tərəfi də bu görüşlərdə öz maraqlarını güdsələr də, istədikləri kimi görüş baş tutmadı. Birincisi, görüş çox sönük keçdi. İkincisi, Ermənistanın qaldırdığı hay-küyə dəyəcək bir ajiotaja səbəb olmadı. Bunun üçün də demək olar ki, bu görüş Ermənistan üçün də, Qərb üçün də uğursuz oldu. Cənab Prezidentin də vurğuladığı kimi bu gün Ermənistanı forpost olaraq Azərbaycan əleyhinə qaldırmaq istəyənlərin ümidləri puç olacaqdır. Çünki, Azərbaycan bütün antiazərbaycan qüvvələrə rəğmən bölgədə lider ölkəyə çevrilmişdir. Bu gün Azərbaycanın hərbi, diplomatik, siyasi gücü Azərbaycana qarşı olan hər hansı təhdidin önündə durmağa qadirdir və Azərbaycan bölgənin lider ölkəsi olduğu üçün bu gün Ermənistana havadarlıq etmək istəyən, Azərbaycanı bloklamağa çalışanların əməlləri puç olacaqdır. Çünki, Azərbaycansız Cənubi Qafqazda heç kim möhkəmlənə bilməz və heç kim burada Azərbaycana qarşı mövqe üstünlüyü əldə edə bilməz. Ona görə ki, bu gün Qafqazın ən stratejik nöqtələrinə Azərbaycan hakimdir. Ordu cəhətdən də, iqtisadi cəhətdən də, sosial rifah cəhətdən də, əhalinin sıxlığı cəhətdən də, siyasi güc cəhətdən də lider ölkə Azərbaycandır. Belə olan təqdirdə Ermənistan kimi gah Rusiyadan, gah Qərbdən asılı vəziyyətdə olan bir marionet ölkə və yaxud da hələ də Abxaziya və Cənubi Osetiya problemlərini həll edə bilməmiş, Gürcüstanın Azərbaycandan daha güclü olacağına, yaxud onların kimlərinsə dəstəyiylə Azərbaycandan daha önə keçəcəyi sadəcə bir xülyadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31