İran qatı düşməninin prosesdə rol almasına niyə seyirci qalır?-Mübariz Göyüşlü- ÖZƏL
6 Aprel 2024 20:49 SiyasətQərbin Cənubi Qafqazda status-kvonu dəyişmək planının müzakirə olunduğu 5 aprel ABŞ-Ermənistan-Aİ görüşü region dövlətləri tərəfindən narazılıqla qarşılanıb.
İranın bu məsələylə bağlı mövqeyini Olaylar.az-a şərh edən siyasi şərhçi Mübariz Göyüşlü bu hadisələrin təəssüf doğurduğunu qeyd edir:
"Hesab edirəm ki, Ermənistanın Qərblə bu şəkildə anlaşması yalnız Azərbaycana, hansısa formada Türkiyəyə və daha çox da Rusiyaya qarşı olan məsələ deyil. Daha çox İrana qarşı məsələdir. Artıq bir sıra araşdırmaçılar, siyasi ekspertlər, aparılan təhlillər bu prosesin əsasən İrana qarşı olması ilə bağlı fikirlər yürüdürlər ki, Qərb İrana Ermənistandan daxil olmaq istəyir. Yəni İrana qarşı hansısa hərbi hücum, hansısa bir hərbi proseslər gerçəkləşdirilərsə, Qərb bunu Ermənistan üzərindən reallaşdırmaq fikrindədir. İranın da bu məsələlərə seyirci qalması təəccüb və təəssüf doğurur. O baxımdan ki, bu prosesdə biz Amerikanın da aktiv iştirakını görürük. Çünki, İran və Amerikanın bir-birinə qatı düşmən olduqlarına görə, Amerikanın bu prosesdə rol almasına İranın seyirci qalması təəccüb doğurur. Güman edirəm ki, bu seyircilik prosesi çox çəkməyəcək və İran öz qəti mövqeyini ortaya qoyacaq. Bu qəti mövqe ondan ibarətdir ki, əvvəla İranın Ermənistanla əməkdaşlığı dayandırılmalıdır və dayanacağına ehtimal etmək olar. İkinci, xəbərdarlıqlar daha da genişlənəcək, sərtləşdiriləcək. İran tərəfindən başqa sərt addımların da atılması müşahidə oluna bilər. Əks təqdirdə, Ermənistanın bu çalışmaları davam edər və genişlənərsə, bu, İran üçün də ciddi problemi məqamları gətirib çıxara bilər".