Bundan sonra Ermənistanın Qərbə inteqrasiyası başlayır-Əli Mustafa- ÖZƏL
6 Aprel 2024 19:32 Siyasət"Üçtərəfli Brüssel görüşünün rəsmi açıqlaması bir qədər yığcam idi. Yalnız iqtisadi sahədən bəhs olunduğu deyildi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Ermənistana hansısa dəstək göstərilməsi, 270 milyon avroluq yardımın bir neçə il ərzində təqdim olunmasından danışılırdı. Böyük ehtimalla, orda danışılan məsələlərin əhəmiyyətli hissələri mətbuata açıqlanmadı. Mümkündür ki, hansısa sənədlər imzalanıb, hərbi sahədə əməkdaşlıqla bağlı ciddi danışıqlar olub. Bu məsələlər də rəsmi açıqlanmadı. Yəqin ki, zaman keçdikdə müəyyən təfsilatlar aydınlaşacaq. Görüşə xüsusi əhəmiyyət verilməsi, xüsusilə Rusiyanın narahatlığı, təbii ki, Ermənistan tərəfinin də fərqli bir performans göstərməsi onu göstərir ki, həqiqətən də bu görüş əhəmiyyətli görüş hesab oluna bilər. Ən azı Ermənistanda belə yanaşma var ki, bu, hərbi-strateji seçim məsələsi idi. Artıq Ermənistan Avropa, Atlantikaya yönəlik qərar verdi. Bundan sonra Ermənistanın Qərbə inteqrasiyası başlayır. Rusiya bunu anlayır və narahatdır. Çünki, Ermənistanı özü yaradıb. Ermənistan onun icadıdır, indi bu icad ondan imtina edib Qərbə gedir. Əlbəttə bu prosesdə Ermənistan tərəfdən də hansısa ciddi təhdidlər ola bilir. Bunlardan qorunmaq üçün Qərb, Aİ və ABŞ-i Ermənistanı himayə etməyi böyük ehtimalla öhdəliklərinə götürüblər".