Qəpik-quruş qarşılığında “rus ruleti”-Elçin Xalidbəyli- ÖZƏL
6 Aprel 2024 18:05 Siyasət"Paşinyan hakimiyyəti Ermənistanı Brüsseldə satışa çıxarmışdı və mümkün qədər baha qiymətə satmaq istəyirdi. Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşması prosesinin dəyərini 5 apreldə görmüş olduq".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Ermənistanın hesablamalarına görə, Qərb bu proses üçün Ermənistana təxminən hər il 3 milyard dollar verməlidir ki, bu halda Rusiyadan olan asılılığı tamamilə qırmaq mümkün olsun. Bu proses təxminən 8-10 il davam etməli idi. Ancaq məlum olan ondan ibarətdir ki, Aİ Ermənistana cəmisi 270 milyon avro vermək niyyətindədir və bu məbləğ illik yox, dörd illik qrantlar şəklində olacaq. Eyni zamanda ABŞ-də 65 milyon dollar Ermənistana vəd edib. Bu, onu göstərir ki, Ermənistanın Qərbdən gözlədiyi dollar yağışı İrəvanın başına yağmadı. Ermənistan özünün düşündüyü qədər də bahalı deyil. Onu çox ucuz qiymətə alıb istifadə etmək qərarına gəldilər. İndi bu proses hara aparacaq, Ermənistanda bu barədə ciddi şəkildə düşünməlidirlər. Paşinyanın ümid bəslədiyi illik 1 milyard dolları belə vermədilər. Anlaşılan odur ki, Ermənistan Qərbdən veriləcək qəpik-quruşun qarşılığında "rus ruleti" oynamağa başlayıb. Bu rus ruleti hansısa mərhələdə Ermənistan üçün böyük bir faciə törədə bilər. İndi rəsmi İrəvan geriyə dönüşü olmayan yola girib. Rusiyanın da bəyanatı mövcuddur. Azərbaycan da daha hazır vəziyyətdə olacaq, çünki, Ermənistanın təxribat törətmə ehtimalı kifayət qədər yüksəkdir. Bu, ortaq konfransdan sonra rəsmi açıqlananlardan başqa səhnə arxasında daha hansı oyunların qurulduğu da yaxın zamanda hər kəs tərəfindən bilinəcək. Bunun da gizli qalması mümkün deyil və həmin səhnəarxası baş verənlər tam aydınlaşandan sonra Ermənistanın gələcəyi aydınlaşmağa başlayacaq".