Görüşdəki bu məsələ erməni cəmiyyətində məyusluq yaratdı-Zeynal Əmrəliyev- ÖZƏL
6 Aprel 2024 12:29 Siyasət"Çoxdan gözlənilən ABŞ-ın Dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında planlaşdırılan görüş nəhayət ki, 5 aprel tarixində baş tutdu."
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Görüşdə hərbi yardımla bağlı konkret maddələrin olmaması erməni cəmiyyətində xəyal qırıqlığı yaratdı. Görüşdən əvvəl həm Entoni Blinken, həm də Ursula fon der Leyen Azərbaycan prezidenti İlham Əliyevə zəng etdilər. Dövlət başçısı onlara Azərbaycanın haqlı narazılığını çatdırmışdı. Görüşdə Azərbaycanla bağlı heç bir məsələyə toxunulmadı. Ancaq Gürcüstan-Ermənistan əlaqələrindən danışıldı, bunun regional əməkdaşlığa faydalı olacağı bildirildi. Azərbaycanla bağlı isə biz heç bir açıqlamaya rast gəlmədik. Halbuki regionda sülh və sabitlik Azərbaycan-Ermənistan əlaqələrinin sabitləşməsindən keçir. Həmçinin Yaşıl enerji dəhlizi barədə söhbət açıldı, Ermənistanın burda iştirakından danışıldı, Azərbaycanın önəmi yenə qeyd edilmədi. Ermənistanın dəhlizdə işğalını istəyənlər bilməlidir ki, bu yalnız bir halda mümkündür-Ermənistan Azərbaycanın haqlı tələblərini qəbul etdikdən sonra. Görüşdə hərbi pakt amilinə, təhlükəsizlik məsələsinə toxunulmadı. Bu da erməni cəmiyyətində məyusluq yaratdı. Çünki onlar bu görüşü Qərbə inteqrasiya yolunda əsas başlanğıc hesab edirdilər. Əvəzində maliyyə dəstəyi ilə bağlı məsələlərdən danışıldı. Ayrılan məbləğ isə çox azdır və bu, Ermənistanı Rusiya qarşında qorumaq gücündə deyil. Nəzərə alaq ki, bu ölkə Rusiyadan təbii qaz və bir çox digər məsələlərdə asılıdır. Gözlədiklərini ala bilmədilər. Görüş olquca sönük, keçdi".