Dünya ölkələri ilə münasibətlərimiz genişlənir- ÖZƏL
6 Aprel 2024 10:28 Siyasət"Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri dünya ölkələri ilə genişlənən münasibətlərimizin göstəricisidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, dövlət başçılarının görüşündə iki ölkə arasında gələcək əlaqələr xüsusi diqqət mərkəzində olub. İmzalanan sənədlər isə perspektivdə müxtəlif sahələr, xüsusilə, iqtisadi sahədə əməkdaşlığın qrurulması və inkişafını özündə ehtiva edir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Eyni zamanda, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var". Millət vəkilinin sözlərinə, yalnız iqtisadi sahədə deyil, siyasi müstəvidə də Azərbaycan və Konqo əlaqələri vurğulanmalıdır: "Belə ki, ölkələrimiz Qoşulmama Hərəkatı müstəvisində fəal əməkdaşlıq edir. Məlumdur ki, Azərbaycan Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik edib. 121 üzvü olan Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci böyük təşkilatdır. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilib, beynəlxalq müstəvidə fəallığı əhəmiyyətli dərəcədə artıb. Məhz Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları yaradılıb. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyəti xeyli güclənib. Bu baxımdan, təşkilatın diqqətində olan neokolonializmə qarşı mübarizə faktı da xüsusi vurğulanmalıdır. Ötən ilin yayında Azərbaycanda keçirilmiş Qoşulmama Hərəkatının tədbiri çərçivəsində Bakı Təşəbbüs Qrupu yaradılıb. Bu, beynəlxalq platformadır və onun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir".