Güclü Türk Dünyası məhz iki ölkənin əsas amalına çevrilib-Vüqar Əhmədov- ÖZƏL
6 Aprel 2024 09:43 Siyasət"Cənab Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Blinkenlə telefon danışığı zamanı dövlətimizin mövqeyini çatdırması, ABŞ və Avropa İttifaqının təşəbbüsü ilə Ermənistan baş naziri ilə görüşün təşkilinin regionda ayırıcı xətlərinin yaranmasını vurğulaması regionda yenidən münaqişə ocağı yaratmaq istəyənlərə ən tutarlı cavab oldu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:
"Qərb dairələri anlamalıdır ki, indiki vəziyyətdə Ermənistana verilən istənilən dəstək regionda hansısa iqtisadi inkişafa və sülhə xidmət edə bilməz, çünki Ermənistan hər zaman hiyləgər siyasət yürüdərək Rusiya və Qərbdən siyasi və iqtisadi divident güdərək yalnız öz maraqlarını təmin edib, regional inkişaf proseslərində isə heç bir rolu olmayıb.
Azərbaycan Prezidentinin Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdə səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Azərbaycanın rolu Türk dünyası ilə uğurlu tərəfdaşlıq qurmaqdır. Bu isə yalnız və yalnız regionun inkişafına xidmət edir və məhz Qarabağın işğaldan azad olunması Türk dünyasının inkişafında yeni üfüqlər yaratmış oldu. Bu yolda Cənab Prezidentin sona qədər nümayiş etdirdiyi qətiyyət cəmiyyətin qələbə ətrafında səfərbər olunmasını şərtləndirmiş oldu. Güclü Türk Dünyası məhz iki ölkənin əsas amalına çevrilib.
05 Aprel öncəsi hər nə qədər dövlət başçımıza olunan zənglərdə cənab Blinken və xanım Von der Leyen tərəfindən inandırmağa çalışsalar ki, bu görüş Azərbaycana yönəlməmişdir, bu görüşdən alınan qərarlar, Ermənistana maliyyə yardımının göstərilməsi və digər dəstək heç də deyilən sözlərin inandırıcı olmaması qənaətini yaradır. Çünki sonradan bu vəsaitlərin nəyə yönələcəyi məlum deyil. Mümkündür ki, gələcəkdə ABŞ və Aİ gələcəkdə infrastruktur adı ilə Ermənistana daha geniş maliyyə ayırsın, belə olan halda Ermənistan bu cür maliyyəni ölkəmiz əleyhinə olan layihələrə sərf edə bilər. Qərbin arzu etdiyi iqtisadi və siyasi baxımdan "müstəqil Ermənistan" əslində indiki halından region üçün daha təhlükəli hala çevrilə bilər. Son 30 ildə bu ölkənin separatizmi dəstəkləyən və terror törədən ölkə olması göz önündədir.
Məhz Azərbaycanın təpkiləri qarşısında demək olar ki, 05 Aprel tarixində keçirilən görüş sönük keçib, ABŞ və Aİ hərbi yardım və digər sövdələşmələri iqtisadi yardım və Ermənistanda dövlət idarəetməsinə yardım adı altında pərdələməyə çalışıblar. Lakin əvvəldən məlum idi ki, bu görüşdə Ermənistanla hərbi paktın imzalanması nəzərdə tutulurdu. Azərbaycan dövlətinin ciddi təpkisi və bunun yeni eskalasiyaya gətirə biləcəyi xəbərdarlığı ola bilsin ki, hələlik tərəfləri nələrisə gizlətməyə sövq edib. Lakin bir müddət sonra əsl gerçəklər və həqiqətlər üzə çıxacaq və əslində erməni havadarı olan qərbin məkirli niyyətləri üzə çıxacaq.
Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen tərəfindən isə Ermənistanın Qara dənizin dibindən Avropanın yaşıl enerji təminatına töhfə vermə planları ilə bağlı açıqlamaları sadəcə ciddi təəccüb doğurur. Azərbaycanın adını çəkmədən Ermənistanın regional enerji layihələrində rolunu vurğulamaq ölkəmizə qarşı qərəzi nümayiş etdirir. Bu danılmaz faktdır ki, bölgənin həm enerji və infrastruktur baxımından açar ölkəsi Azərbaycandır.
Bir sözlə, görüşdən və verilən açıqlamalardan görünən budur ki, bu uğursuz konfransın və adını necə qoymaq istəyirlər qoysunlar-görüşün əsas məqsədi heç də qərb tərəfindən təqdim olunduğu kimi Ermənistanın iqtisadi inkişafına nail olmaq deyil, əksinə ayrıcı xətlər yaratmaqla region dövlətlərini qarşı-qarşıya qoymaqdır.
Azərbaycanın apardığı regional siyasət hər zaman Cənubi Qafazda rifaha, inkişafa və tərəfdaşlığa xidmət etmişdir. Bunu biz Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə uğurlu tərəfdaşlığı nümunəsində görmüşük. Qərbin bu mənada Ermənistanın vasitəsi ilə illərlə qurulmuş rifaha, inkişafa və regional təhlükəsizliyə xidmət edən bu konfiqurasiyaları dəyişmək cəhdləri uğursuzluqla nəticələnəcək.
Cənubi Qafqazın aparıcı ölkəsi kimi uğurlu inkişaf modelləri, enerji, nəqliyyat və infrastruktur layihələri bundan sonra da məhz Azərbaycanın liderliyi ilə həyata keçiriləcək. Ona görə də əbəs yerə qərb özünü yormasın, çünki onun bütün pozuculuq cəhdləri heç bir ciddi nəticə verməyəcək".