Örtülü qapılar arxasında Paşinyana təlimatlar verilib - ÖZƏL

"Brüsseldə keçirilən danışıqlar Azərbaycanın da maraqlarına ziddir. Açıq şəkildə bəyan etsələrdə ki, bu, Ermənistanı iqtisadi cəhətdən dirçəltmək üçün aparılan siyasətdir, mən hesab edirəm ki, bunlar kütlə üçün deyilən fikirlərdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib:

"Əslində, örtülü qapılar arxasında Paşinyana təlimatlar verilib və Paşinyan Ermənistana qayıdandan sonra daha çox Azərbaycanla sərhəddə konfliktin yaradılmasına doğru addımlar atacaq. Çünki, Ermənistanla Azərbaycan arasında şərti sərhəddə toqquşmalar olmalıdır, Ermənistan atəşkəsi pozmalıdır. Ermənistan atəşkəsi pozarsa, Azərbaycan tərəfi ona adekvat cavab verəcək və bunun fonunda Ermənistan beynəlxalq sülhməramlı qüvvələri Ermənistan-Azərbaycan sərhəddinə yerləşdirmək üçün bir bəhanə tapacaq. Avropa İttifaqı adına Ermənistan-Azərbaycan arasındakı şərti sərhəddə müşahidə qrupu var. Bu müşahidə qrupu hazırda kəşfiyyat-pozuculuq işləri ilə məşğuldur. Ümumilikdə Ermənistanın apardığı siyasət Cənubi Qafqazda stabilliyi pozmağa hesablanıb. Bunu da ABŞ-dən və Qərbdən aldığı təlimatlar əsasında edir. Təbii ki, bu proseslərə region dövlətləri biganə qala bilməz. Brüsseldə keçirilən görüşlərə həm Rusiyanın, həm də Türkiyəni narazılığı var. Bu yaxınlarda Türkiyə nümayəndə heyətinin Azərbaycana gəlməsi və Azərbaycanı açıq şəkildə dəstəkləmə bəyanatı verməsi, eyni zamanda Çavuşoğlunun "Şuşa Bəyannaməsi"ni dilə gətirməklə Azərbaycanın yanında olduğunu bəyan etməsi bir daha onu göstərir ki, Cənubi Qafqaza qonşu olan region dövlətlər Cənubi Qafqazda gedən proseslərdən narahatdır. Məni təəccübləndirən budur ki, bu proseslərdə İranın sakit durmasıdır.  Çünki, ABŞ başda olmaqla Qərb koalisiyasının Cənubi Qafqaza girməsi ilə dolayısı ilə İranın da milli təhlükəsizliyinə də zərər gələ bilər. ABŞ İranı da düşmən elan edib və İranda hakimiyyət dəyişikliyi edib özlərinə münasib olan İran dövləti qurmaq istəyirlər. İranı klonlaşdırıb öz təsirinə salmaq istəyirlər. Bu proseslərdə İranın susması bir qədər təəccüb doğurur. Hesab edirəm ki, bu gün Brüsseldə keçirilən görüş və açıq şəkildə Ermənistana iqtisadi, maliyyə cəhətdən dəstək verilməsi Ermənistanın əlini gücləndirməkdir. Ermənistan aqressor dövlətdir. Azərbaycan ərazisini 30 il işğal altında saxlamışdır. Bu, BMT-nin 4 qətnaməsi ilə təsdiqlənmişdir. Yenidən bu aqressoru iqtisadi, siyasi, hərbi cəhətdən gücləndirmək, dəstəkləmək heç bir beynəlxalq qanuna uyğun gəlmir. Başda ABŞ olmaqla Qərb, Avropa Cənubi Qafqazda stabilliyi pozacaq siyasət həyata keçirməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31