Brüsseldə göydən üç alma yerinə, dörd alma düşdü-Şəbnəm Həsənova- ÖZƏL

"Günlər idi ABŞ-Aİ-Ermənistan görüşü erməni mətbuatında başgicəllənməsinə, eyforiyaya, "göydən üç alma düşəcək" sonluqlu nağıllara səbəb olmuşdu. Hərçənd  Brüsseldə göydən üç alma yerinə, dörd alma düşsə də, görüşə Azərbaycana qarşı qərəzli münasibətə, son zamanlarda da səsləndirməkdən çəkinmədiyi haqsız mövqeyə, ən əsası isə siyasətdən uzaq ritorikaya malik Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel də qoşulsa da, görüşün olduqca monoton keçdiyini görməmək mümkün deyildi". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Görüşə "dürtülən" Borrel görünməyən Emmanuel Makronun görünən kölgəsi qismində qatılmışdı. O zaman elə bu faktın özü bir çox sualların cavabını aydın edir. Aydınlıq pəncərəsinin ilkin qanadını açan isə görüşdən öncə Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin rəsmi Parisin "İran Ermənistanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı narahatlığını bölüşür" fikri idi. Səfir hətta məsələni daha da kollektivləşdirərək dəfələrlə Ermənistanın ərazi bütövlüyünə dəstəyini ifadə edən İranın narahatlığını BMT-nin digər üzvlərinin də "bölüşməli" olduğu ilə təkid edirdi. Bu məqamda isə gələk hərbi pakt amilinə. Çünki gördüyümüz, ilkin olaraq məlumatımız olan Avropa İttifaqının 270 milyon avro dəyərində "Ermənistanın 2024-2027-ci illər üçün Davamlılığı və İnkişafı" proqramı ilə çıxış edəcəyi, Bayden administrasiyasının isə Konqres ilə birlikdə 2023-cü maliyyə ilində Ermənistana inkişaf üçün təxminən 65 milyon dollar yardım etməyi planlaşdırmasıdırsa, görmədiyimiz və regionu, onun taleyini düşündürən əsas məsələ elə məhz aysberqin görünməyən, aydın göstərilməyən hərbi tərəfidir. Şübhəsiz ki, rəsmi açıqlamalardan xaric görüş əsnasında məxfi komponentlərin olmaması qəti istisna deyil. Bunu isə zaman göstərəcək deyərək daha müsbətə ümid etmək olardı. Amma hadisələrin real gedişatı olaraq məhz elə bu gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə müxtəlif istiqamətlərdə mövqelərin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstərmələri, paralel olaraq isə Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutması Ermənistanın və qoltuğuna qovluq verərək yola salanların niyyətindən xəbər verir. Qərb Ermənistanın revanşist ritorika ilə bölgənin ikinci meydança olması istiqamətində militarlaşdırılmasında maraqlıdır. 
Cənab Prezident İlham Əliyev Antoni Blinken ilə telefon danışığı zamanı haqlı narahatlıqlarımızı Qərbin diqqətinə bir-bir çatdırdı. Hər nə qədər ABŞ və Aİ Azərbaycanı əmin etmək istəsələr də ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib, cənab Prezident İlham Əliyevin Mövlud Çavuşoğlu ilə görüşdə səsləndirdiyi fikirləri də bir daha əsas götürsək görürük ki, Qərbin and-amanlarının Azərbaycanı qane etməməsi üçün tutarlı əsaslar mövcuddur. Çünki dövlət başçımız Cənubi Qafqazda proseslərin çox təhlükəli istiqamətdə getdiyini və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını, region üçün cızılan planın gələcəkdə böyük fəlakətə gətirə biləcəyini bildirdi. Azərbaycanı hər nə qədər əmin etsələr də bu addımların Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğundan məlumatlıyıq, ayırıcı xətlərin yaradılmasının təməlində isə Azərbaycanı təcrid etmək dayanır. 
Paşinyanın Azərbaycana münasibəti bəlli olan USAID -in direktoru Samanta Pauerlə görüşü zamanı 8,6 milyon dollar məbləğı ayırması ayrı bir "aləmdirsə", görüş əslində Azərbaycana qarşı formalaşdırılan "öz dünyalarından" xəbər verir. Vurğulanmalı bir önəmli məqam da var. Belə ki, narrativ o zaman inandırıcı və real olur ki, onu statistik göstəricilərlə əsaslandıra bilirsən. Qərbin Ermənistana vəd etdiyi məbləğ Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətdən, Aİİ və MDB çərçivəsində əldə etməkdə davam etdiyi çoxmilyardlıq fayda ilə müqayisə oluna bilməz.  Bunu Rusiya Xarici İşlər Nazirliyi də bildirdi. Çünki, müvəqqəti vədlər fakt qarşısında hər zaman acizdir.
Oynanan bütün oyunlar fonunda cənab Prezident İlham Əliyevin nüfuzu və prosesə təsir imklanlarını görməmək və təqdir etməmək mümkün deyil. Dövlətimizin başçısı milli maraqlarımızı, xalqımızın mövqeyini son dərəcə qətiyyət və prinsipiallıqla qoruyur. Düşünürəm ki, hadisələrin daha da ziddiyyət təşkil edəcəyi mümkün ssenaridə belə xalq-iqtidar-ordu birliyimiz ilkin dayaq nöqtəmiz olmalıdır. Dmitriy Peskovdan isə görüşlə bağlı Rusiyanın şərhi istənilərkən bunun yanlız rəsmi İrəvanın şərhindən sonra verilə bilməsini vurğulaması, inklüziv meyarı başda olmaqla həm də ekslüziv olaraq məhz Ermənistan üçün "hələ də gec deyil" ilkin etapda çağırışlarıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31