ABŞ üçün Cənubi Qafqazın xüsusi önəmi var-Azad Məsiyev -ÖZƏL

"Dünya siyasətində qlobal güclərin savaşı gedir. Yəni  ABŞ və Rusiyanın savaşı gedir. Bu savaş həm iqtisadi, həm siyasi, həm hərbi sahədədir. Bu savaşın birinci   episentri Ukraynadırsa, ikinci episentri Cənubi Qafqazdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev qeyd edib:

"Başda  ABŞ olmaqla Qərb koalisiyası Cənubi Qafqaza girmək istəyir. Bunu Ermənistan üzərindən həyata keçirmək istəyirlər. Bu məqsədlə Paşinyan hakimiyyətə gətirildi. Paşinyanın hakimiyyətə gətirilməsi Rusiyanın Ermənistanda nüfuzunu zəiflətmək və ümumiyyətlə Ermənistanda Rusiyanın hərbi kontingentini, həm iqtisadi, həm siyasi, həm hərbi gücünü zəiflətmək məqsədi daşıyır. Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında uzun müddətli savaş var idi. Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Azərbaycan 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatından sonra həm de-fakto, həm də de-yure öz suverenliyini bərpa etdi. Təbiidir ki, Ermənistanın bu məğlubiyyəti erməni cəmiyyətində Paşinyana qarşı narazılıqla qarşılanmaqdadır. Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması prosesi gedir. ABŞ isə öz kadrını nəyin bahasına olur olsun, onun əlini gücləndirmək istəyir. Bu baxımdan bu gün Brüsseldə keçirilən ABŞ-Ermənistan-Aİ üçtərəfli qapalı görüşü həm beynəlxalq aləmin diqqət mərkəzindədir, həm də birbaşa Azərbaycanın diqqət mərkəzindədir. Rusiya-ABŞ arasında gedən savaşın ikinci episentri Cənubi Qafqaz olduğuna görə, Cənubi Qafqazda aparıcı dövlət Azərbaycan olduğuna görə, ABŞ Ermənistan üzərindən həm Rusiyaya, həm də Azərbaycana təzyiq etmək niyyətindədir. Cənubi Qafqaz respublikaları ABŞ-nin təsir dairəsinə düşərsə, bu zaman Rusiyanın cənub cinahı bağlanacaq və Rusiya dünyanın iqtisadi-siyasi sistemindən təcrid olunacaq. Cənubi Qafqazın bu gün ABŞ üçün xüsusi önəmi var. Azərbaycan isə həm balanslaşdırıcı siyasət yeridir, həm də müstəqil siyasət yeridir. Qərbin əlində alətə çevrilmək istəmir. Bu siyasət bizim dövlət və milli maraqlarımıza ziddir. Çünki, Qərb daha çox Azərbaycandan Rusiya əlehinə istifadə etmək istəyir. Çünki, Rusiyanın dünya bazarına çıxması Azərbaycan üzərindəndir. Bu baxımdan bu gün Qərb koalisiyası Ermənistanı həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən gücləndirmək istəyir və Paşinyanın əlini gücləndirmək istəyir. Paşinyan uzun müddət hakimiyyətdə olmalıdır ki, ABŞ öz siyasi məqsədlərini həyata keçirə bilsin"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31