Ermənistan sülh prosesinə hazır deyil və sülhü istəmir-Sultan Zahidov- ÖZƏL

"Bir həftəyə yaxındır ki, İrandan Ermənistana mütəmadi şəkildə silah-sursat daşınır. Ən son məlumatlara görə İran Havayollarına məxsus Boeing təyyarəsi artıq 5 dəfə Ermənistana uçuş həyata keçirib". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu təyyarələrdə müxtəlif növ silahların daşınması faktı da qeydə alınmışdır. Bu onun göstəricisidir ki, Ermənistan artıq növbəti dəfə Azərbaycana yönəlik təxribatlara hazırlaşır. Bir neçə gün öncə Naxçıvan istiqamətində Ermənistanın təxribatının şahidi olduq. Eyni zamanda, son günlər Ermənistan şərti sərhəddə canlı qüvvə və hərbi texnikanı intensiv şəkildə yığmaqdadır. Sözsüz ki, bütün bu hadisələr Ermənistanın irəlidəki günlərdə də Azərbaycana qarşı təxribatlar törədəcəyini istisna etmir. Ermənistanı stimullaşdıran iki məqam var. Birincisi, Fransa, Hindistan, İran kimi ölkələrin Ermənistana intensiv şəkildə silah-sursat daşıması, ikincisi isə aprelin 5-də Ermənistan-Aİ-ABŞ arasında imzalanacaq təhlükəsizliklə bağlı sənəddir. Bütün bu hadisələr onun göstəricisidir ki, Ermənistan sülh prosesinə hazır deyil və sülhü istəmir. Bu günə qədər sülh danışıqlarında olan iştirakı da imitasiya xarakteri daşıyırdı, Ermənistan hələ də Azərbaycan ərazilərinə iddialıdır və Ermənistanda revanşizm hökm sürməkdədir. Bütün bunların fonunda gələcək günlərdə və yaxud həftələrdə Ermənistandan Azərbaycana qarşı atılan növbəti təxribatları da görə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31