Fransa İrana Ermənistan məsələsində əsas tərəfdaş gözü ilə baxır-Elçin Xalidbəyli- ÖZƏL

"Hazırda Fransa  Azərbaycana qarşı atılan bütün addımların əsas təşkilatçısı, sseneri müəllifi rolunda çıxış edir. Ermənistanın da əsas beynəlxalq himayədarı məhz Fransadır."

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Belə anlaşılır ki, Cənubi Qafqazdakı sülh prosesindən kənarlaşdırılan Fransa Azərbaycandan intiqam almaq niyyətinə düşüb və Cənubi Qafqaza Ermənistan üzərindən yerləşmək niyyətini həyata keçirməyə başlayıb. Avropa Birliyinin Azərbaycana qarşı təzyiqləri, qərəzli qətnamələri də Fransa tərəfindən təşkil olunur. Fransanın Avropa Birliyindəki mövqeləri kifayət qədər möhkəmdir və həmin mövqelərdən istifadə edərək Avropa Birliyini də Azərbaycana qarşı yönəldir. Eyni zamanda bu Cənubi Qafqazdakı fəaliyyətində Ermənistanla bağlı atılan addımlarla Fransanın əsas müttəfiqi rolunda da İran çıxış edir. Xatırladım ki, bir müddət öncə Ermənistandakı Fransa səfiri bəyan etmişdi ki, Fransanın İranla Cənubi Qafqazda bir sıra məsələlərdə mövqeyi toqquşur, kəskin fərqlər mövcuddur. Ancaq Ermənistan məsələsində İran və Fransanın mövqeyi tamamilə üst-üstə düşür, eyni mövqedən çıxış edirlər. Yəni bu baxımdan Ermənistandakı Fransa səfirinin İranla eyni mövqeyi bölüşməsi barədə sonuncu bəyanət o qədər də təəccüblü deyil. Fransa İrana Ermənistan məsələsində əsas tərəfdaş gözü ilə baxır. Bu baxımdan, qətiyyən təəccüblü deyil və yəqin ki, hər iki dövlətin Azərbaycana qərəzli münasibəti onların tərəfdaş olmasını stimullaşdırır və növbəti mərhələlədə də bu tərəfdaşlığın davam etmə ehtimalı yüksəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31