Gürcüstan hökuməti "xarici agent haqqında" qanunu yenidən ortaya qoyur

Gürcüstan hökuməti ötən ilki uğursuz təşəbbüsdən sonra yenidən "xarici agent haqqında" qanunu qəbul etmək istiqamətində addımlar atmaq istəyir. Yəni bu il bu qanunun qəbul edilməsi hökumətin qarşısında prioritet məsələ kimi qoyulub. Amma qanunun qəbul edilməsinə nail ola biləcəklərmi? Gürcü xalqı insan haqları və beynəlxalq normaları məhdudlaşdıran bu qanunu nəhayət qəbul edə biləcəkmi? Bu yaxın perspektivdə Gürcüstanda və regionda bütün siyasi qüvvələri maraqlandırır. Çünki, Avropaya inteqrasiyanın tərəfdarları üçün bu qanunun  qəbul olunması  Gürcüstanın Avropa İttifaqı istiqamətində inkişafına bir maneə kimi qiymətləndirilir, həm də Rusiyanın təsirinin gücləndirilməsinə xidmət edəcəyi bildirilir.  Bəs nədən?

Bu və ya digər dövlətdəki qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirməni tənzimləyən qanunlar bir çox Qərb ölkələrində, o cümlədən ABŞ-da tətbiq olunur. Orada, məsələn, Rusiya hakimiyyəti tərəfindən idarə olunan "Russia Today" və "Sputnik" orqanları  "xarici agent" kimi tanınır.

Amerika Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) 1938-ci ildən nasist Almaniyasının təsir agentləri ilə mübarizə aparır. 1966-cı ildə qanun yalnız xarici dövlətlərin birbaşa göstərişi ilə fəaliyyət göstərən siyasi lobbiçilərə yönəldildiyinə görə düzəliş edilib.

Lakin bu təcrübə bir çox ölkələr tərəfindən qəbul edilmiş və bəzi hallarda tamamilə fərqli şəkildə istifadə edilmişdir. Rusiyada xarici agentlər haqqında ilk qanun 2012-ci ildə qəbul edilib. Müşahidəçilər onun ortaya çıxmasını Kremlin 2011-2012-ci ilin qış və yazında  kütləvi siyasi etiraz dalğasına reaksiyası ilə əlaqələndirirlər. İlkin formada qanun yalnız qeyri-kommersiya təşkilatlarına şamil edilirdi. Beş il sonra onun təsiri mediaya yayılmağa başladı.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra xarici agentlər haqqında qanun Kremlin əlində güclü repressiv alətə  çevrildi. Rusiya hakimiyyəti indi "xarici təsir" altında olan istənilən fiziki və ya hüquqi şəxsi xarici agent elan edə bilər.

Rusiya və Amerika qanunları arasındakı əsas fərq ondan ibarətdir ki, FARA altında qeydiyyat fəaliyyətə məhdudiyyət qoymur. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi hələ qanun qüvvəyə minməmişdən əvvəl bir sıra Amerika mediasına Rusiyada "fəaliyyətlərə mümkün məhdudiyyətlər" barədə xəbərdarlıq etmişdi.

Bundan əlavə, Birləşmiş Ştatlarda xarici agent kimi təyin olunma meyarı fiziki və ya qurumun birbaşa xarici hökumət və ya qurum tərəfindən idarə olunması və ya idarə olunmasının sübut edilmiş faktıdır. Mübahisəli işlərdə ABŞ hakimiyyət orqanları iddia edilən "agentlərin" məqsədinin həqiqətən də ABŞ siyasətinə təsir etmək olduğunu sübut etməlidir. Bu son vəziyyət FARA pozuntularına görə cəzaların çox nadir hala gəlməsinə səbəb oldu.

Rusiyada "agent" statusu xaricdən maliyyə və ya köçürmə almış hər kəsə şamil edilir.

Qeyd olunanlardan belə görünür ki, Gürcüstan hökuməti məhz Rusiyada qəbul olunmuş qanundan təsirlənərək və Rusiyanın təzyiqi altında anoloji qanunun qəbuluna çalışırlar. Amma məlum olduğu kimi Gürcü xalqı Gürcüstan parlamentində bu qanunun qəbul edilməsinin qəti əleyhinədir və ötən il bu istiqamətdə təşəbbüs güclü etirazlarla müşayiət olunmuşdu. 2025-ci ildə keçiriləcək parlament seçkiləri ərəfəsində qeyd olunan qanunun qəbul edilməsi, hakimiyyətin fikrincə, hazırki iqtidara seçkilərdə qalib gəlməyə şərait yaradacaq. Yəni qanun qəbul edildikdən sonra Gürcüstan müxalifətinin xaricdən maliyyələ.dirilməsi məhdudlaşdırılacaq və bu da öz növbəsində onların lazım olan səviyyədə mübarizə aparmamalarına gətirib çıxaracaq. Deməli, xarici agent haqqında qanun eyni zamanda gələcək parlament seçkiləri üçün nəzərdə tutulu.

Amma hakimiyyət buna nail olacaqmı?  Qanunun qəbul edilməsi, bununla da Avropaya aparan yolda əngəl yaradılmasına qarşı etirazların artması yaxın ayların Gürcüstanda çox qızğın olacağına işarə edir.

Əlimusa İbrahimov

Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31