Bu gün Vaşinqtonun, Parisin havadarlığı yenə Ermənistana heç nə verməyəcək-Kazım Kazımov- ÖZƏL
4 Aprel 2024 17:04 Siyasət"Cənab Prezidentlə Blinkenin görüşü hər şeydən əvvəl onu göstərir ki, Brüssel görüşünün öncəsi Cənubi Qafqazda Azərbaycanın gücünü hiss edən ABŞ administrasiyası cənab Əliyevə zəng vurmağı özünə bir borc bilibdir".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki, hər halda ABŞ anlayır ki, Cənubi Qafqazda hər hansı bir addım atılacağı təqdirdə mütləq Azərbaycanla hesablaşılmalıdır. Bu şübhəsizdir ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Bilindiyi kimi 5 apreldə Brüsseldə ABŞ-Aİ-Ermənistan arasında görüş olacaqdır. Bu görüşün antiazərbaycan səciyyəsi daşıdığını deyə bilərik. Hər nə qədər Blinken bunun əksini bildirsə də, cənab Prezident də görüşdə vurğulamışdır ki, burada Ermənistan ordusunun silahlandırılması üçün infrastrukturlara ABŞ və Avropanın donorluq etməsi məsələləri müzakirə olunacaq. Bu gün Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətə baxdığımızda Nikol Paşinyan hər nə qədər sülhdən danışsa da, əslində, sülhün bərqərar olmaması üçün əlindən gələni edir və o müharibədə itirdiyi torpaqların əvəzini Azərbaycana qarşı sanksiyalarla, qələbə havadarlığı ilə çıxmaq, ən azından daxili siyasətdə populyarlığını yüksəltmək istəyir. Lakin həm beynəlxalq hüquq, həm bizim diplomatik müttəfiqliklərimiz, həm Azərbaycanın haqlı mövqeyini ortaya qoyur ki, bu gün Nikol Paşinyan yenə həmişə olduğu kimi haqsız tərəfdir. 30 illik işğaldan sonra Ermənistanın Azərbaycandan nəsə tələb etməyə, Azərbaycanı nədəsə ittiham etməyə heç bir haqqı yoxdur. Yaxşı olar ki, Ermənistan Brüsseldə Avropa İttifaqına, ABŞ-yə yalvarmaq əvəzinə, ABŞ və Avropada 30 ildən artıq bir müddətdir ki, davam edən antiazərbaycan və işğalçılığı dəstəkləmək yerinə, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün addımlar atsın. Nikol Paşinyan Qərbdə özünə havadar aparmaq əvəzinə cənab Əliyevin müharibədən dərhal sonra təklif etdiyi bölgədəki ölkələrin iş birliyini yüksəldəcək işlərə imza atsın. Əks təqdirdə Ermənistan bu burulğandan çıxmayacaq. Çünki, Ermənistan özünə Moskvanı illərlə havadar tutdu və elə hesab etdi ki, artıq o havadarlar Ermənistanın təhlükəsizliyini, iqtisadi rifahını təmin edəcək. Ancaq gəlinən nöqtə göstərdi ki, Moskvadakı havadarlar Ermənistana heç nə vermədi. Bu gün Vaşinqtonun, Parisin havadarlığı da yenə Ermənistana heç nə verməyəcək. 30 il Moskva havadarlığı nədirsə, bu gün Vaşinqton və Paris havadarlığı da eyni şeydir".