Azərbaycan təkbaşına o boyda ərazini tez bir zamanda təmizləyib başa çıxa bilməyəcək - ÖZƏL

"Azərbaycanda əlbəttə ki, minalarla bağlı çox ciddi problem var".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
"Ermənistanın uzun müddət işğal altında tutduğu torpaqlarda necə gəldi minalar basdırılıb. Piyada əleyhinə mina, ağır texnika əleyhinə minalar və təəssüflər olsun ki, Ermənistan həmin minaların doğru-dürüst xəritələrini də Azərbaycana təqdim eləmir. Təbiidir ki, belə bir şəraitdə Azərbaycanın həmin ərazilərinin minalardan təmizlənməsi çox çətin məsələdir. O baxımdan, biz gözləyirik və ümid edirik ki, müharibədən sonrakı dövrdə, özəlliklə də bu bölgədə marağı olan dövlətlər peşəkar şəkildə minatəmizləmə prosesində Azərbaycana kömək edəcəklər. Amma təəssüflər olsun ki, onlardan bu köməyi görə bilmirik. Özəlliklə də Fransa, Amerika Birləşmiş Ştatları, hətta müəyyən mənada Rusiyanın özü bu prosesdə elə də fəal deyillər, yaxud da ki, ümumiyyətlə yoxdurlar. Bu cür ifadəni ona görə işlədirik ki, Rusiya bir müddət öncə bölgədəki sülhməramlıların minatəmizləmə ilə məşğul olacağını elan etdi. Amma ortada nə iş var, nə ediblər, bununla bağlı hər hansı məlumat yoxdur. Rusiya faktiki olaraq elan etsə də, ortaya bir real nəzərə çarpacaq iş qoymayıb. Yəni bu baxımdan, Azərbaycan əlbəttə ki, bu sahədə tək qalıb və bu prosesə beynəlxalq gücləri cəlb etməyə çalışsa da, hələ ki, nəticə əldə edə bilmirik. Düzdür, müəyyən xarici, yaxud da ki, beynəlxalq qurumları təmsil edən minatəmizləmə peşəkarları var, amma yetərli deyil. Biz düşünürük ki, ən azından NATO böyük bir heyətlə gəlib burada Azərbaycana kömək edə bilərdi. Yaxud da Amerika Birləşmiş Ştatları, eləcə də hər dəfə gərək olmadığı halda burnunu bölgəmizə soxmağa çalışan Fransanın özü nələrsə edə bilərdi. Amma görürsünüz ki, bunları etmirlər. Yəni meydanda təkbaşına qalmışıq, özümüz təmizləyirik. Ona görə də proses çox uzanacaq. Azərbaycan təkbaşına o boyda ərazini yüzminlərlə, bəlkə də milyonlarla dəqiq bilmirik, tez bir zamanda təmizləyib başa çıxa bilməyəcək. Ona görə də insanların geri qayıtması prosesi olduqca uzanacaq və bu da əlavə narahatlığa səbəb olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31