Blinkenin zəngi Azərbaycanın Beynəlxaq miqyasda nüfuzunun göstəricisi sayıla bilər-Yusif Bağırzadə- ÖZƏL
4 Aprel 2024 15:29 Siyasət"ABŞ Dövlət katibi Blinkenin zəngi aprelin 5-də keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü ilə bağlı Azərbaycanın haqlı etirazlarının və narahatlığının nəzərə alındığının göstəricisidir".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Görünən odur ki, Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmağı qarşısına hədəf olaraq qoyan ABŞ Fransadan fərqli olaraq bu məsələdə regionun lider dövləti olan Azərbaycanın mövqeyinin mütləq şəkildə nəzərə alınmalı olduğunu başa düşür. Şübhəsiz ki, Blinkenin zəngi Azərbaycanın Beynəlxaq miqyasda nüfuzunun göstəricisi sayıla bilər.
Rusiyanın Cənubi Qafqazdakı əsas dayaq nöqtəsinin Ermənistan olduğunu və bu ölkənin Rusiyanın boyunduruğundan qurtulması üçün iqtisadi müstəqilliyinin təmin olunmasının vacib olduğunu başa düşən ABŞ, onu da anlayır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan bu mümkün olmayacaq.
Çünki, məhz sülh sazişi, Ermənistanın regional layihələrə qoşulmasını, tranzit imkanlarından istifadə etməklə əlavə maliyyə imkanı əldə etməsini təmin edə bilər. İkinci bir tərəfdən Azərbaycanla sülh həm də Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması deməkdir ki, bu həm də Türkiyə iqtisadiyyatının Ermənistana girməsinə imkan yarada bilər. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığına son qoyulması üçün isə bu olduqca vacibdir.
ABŞ onu da başa düşür ki, hətta Ermənistana külli miqdarda maliyyə vəsaiti ayrılsa belə Azərbaycan və Türkiyə sərhədlərinin bağlı qalması, Gürcüstanla quru yolunun yalnız yaz-yay aylarında fəaliyyət göstərməsi Ermənistanı İrandan asılı vəziyyətə sala bilər. Odur ki, bütün bunları nəzərə alaraq Azərbaycanla münasibətlərə mənfi şəkildə təsir edə biləcək addımlardan çəkinməyə qərar verdi.
Həm Blinkenin zəngi, həm də görüşlə bağlı digər rəsmi açıqlamalar da onu deməyə əsas verir ki, həm ABŞ, həm də Avropa İttifaqı Rəsmi Bakının Brüsseldə keçiriləcək görüşün xoşniyyətli olmayacağına dair narahtlığını və eləcə də Ermənistanla hərbi paktın imzalanması halında yarana biləcək riskləri nəzərə alıblar".