Minaların təmizlənmə prosesi təxminən 25-30 il ərzində həyata keçirilə bilər-Oqtay Qasımov- ÖZƏL
4 Aprel 2024 15:36 Siyasət"Müasir dünyamızda mina terroru problemi ən ciddi problemlərdən biridir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Dünyanın minalarla ən çox çirklənmiş ərazilərindən biri də Azərbaycan əraziləridir. Belə ki, Ermənistan dövləti 30 illik işğal dövründə Azərbaycan ərazilərində bir milyon yarımdan artıq mina basdırıb. Bu mina basdırma əməliyyatları Birinci Qarabağ müharibəsi dönəmində, bir hissəsi isə 44 günlük savaşdan sonra Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə həyata keçirilib. Bu ərazilərdə daha çox 2021-ci il istehsalı olan minalar basdırılıb. 44 günlük savaşdan sonra 350 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub. Ümumi isə mina terrorundan yüzlərlə Azərbaycan vətəndaşı həyatını itirib, minlərlə insan mina terrorundan zərər çəkib. İşin ən ağrılı tərəfi budur ki, dünyanın müxtəlif ölkələrində minalardan təmizləmə prosesinə beynəlxalq dəstək verilir. Bu istiqamətdə həm BMT-nin, həm beynəlxalq digər qurumların, o cümlədən iri dövlətlərin maddi və texniki dəstəyi ön planda olur. Təəssüf ki, Azərbaycanın özünün yaratdığı yeni reallıqlar və əraziləri işğaldan azad etməsi bir çox beynəlxalq quruluşları, o cümlədən dövlətləri məmnun etmədiyi üçün Azərbaycana belə bir dəstək verilmir. Azərbaycan belə qlobal bir işi öz gücü hesabına həll etməyə çalışır. Bu minaların təmizlənmə prosesi də təxminən 25-30 il ərzində həyata keçirilə bilər. Buna da 10 milyardlarla dollar maliyyə vəsaitinə ehtiyac var. Bütün hallarda mina terroru qəbuledilməz bir terrordur. Düşünürəm ki, Azərbaycan dövləti məhz bu mina terroruna görə Ermənistan dövlətini Beynəlxalq Cinayət Məhkəməsinə verəcək və Ermənistan törətdiyi bu cinayətlərə görə öz cəzasını almalıdır.
Mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biri kimi Azərbaycan bu istiqamətdə beynəlxalq təşəbbüslərin də önündə gedir, təkliflərlə çıxış edir. Milli Dayanaqlı İnkişaf Məqsədi kimi minatəmizləməni də Azərbaycan elan edib. Qoşulmama Hərəkatındakı 4 illik sədrlik dövründə də daimi şəkildə bu məsələni həm bu formatda, eyni zamanda müxtəlif beynəlxalq formatlarda gündəliyə gətirib".