Blinkenin özünün zəng etməsi onu göstərir ki...-Elşad Həsənov- ÖZƏL

"Aprelin 3-ü ABŞ-nin dövlət katibi   Blinken Azərbaycan Prezidentinə zəng etdi və məsələlərlə bağlı fikirini bildirdi. Bildirdi ki, aprelin 5-i nəzərdə tutulan ABŞ-Ermənistan-Aİ üçtərəfli konfransı Ermənistanın iqtisadi cəhətdən inkişafı ilə bağlıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elşad Həsənov qeyd edib:

"Burda həmin anda sual yaranır: "İqtisadi məsələlərlə  Blinkenin nə əlaqəsi var?" 
Burda başqa məsələlər var. Açıqlanan səbəb sadəcə Azərbaycanı sakitləşdirmək üçündür. Azərbaycan Prezidentinə Blinkenin özünün zəng etməsi onu göstərir ki, o, Cənubi  Qafqazın lider ölkəsinin prezidentini bu haqda məlumatlandırır və ona bir növ hesabat verir. Azərbaycanın narazılığını nəzərə alaraq hesabat verir ki, bu görüş Azərbaycana qarşı deyil. Bu, Ermənistanın iqtisadi cəhətdən inkişafı üçündür. Burda çox şey deyilmir, açılmır. Görünən, masa üzərində olan əsas məsələlər odur ki, Avropa, Fransa, Amerika Ermənistanı silahlandırır. Bu silahlar kimə qarşıdır, kimə qarşı istifadə olunacaq, bunlar tam aydın deyil. Amma Azərbaycanda olan məlumatlar odur ki, Ermənistanda revanşist qüvvələr var, onlar heç cür Qarabağdan çıxıb getmələrini, müharibədə məğlub olmalarını sindirə bilmirlər. Bunun üçün onlar silahlanırlar. Bu, aydındır. 
Bundan əlavə hal-hazırda dünyada gedən proseslərə ən çox təsir edən Rusiya-Ukrayna müharibəsidir. Bu müharibədə də bütün Qərb,  Amerika birləşərək Ukraynaya dəstək göstərdilər, ancaq son zamanlar bu dəstək də zəifləyib. Necə deyərlər, birləşmiş qüvvələr uduzurlar. Ancaq burda Rusiyaya qarşı ikinci cəbhənin açılması haqqında söhbətlər gedir. Bildiyimiz kimi, əvvəl çalışdılar ki, Gürcüstanı bu işə cəlb etsinlər. Ancaq Gürcüstan höküməti buna getmədi. Sonradan Fransa bütün varlığı ilə çalışır ki, Ermənistana hərtərəfli yardım göstərsin və Ermənistanda olan Rusiya qoşunlarını, hərbiçilərini ordan çıxarsın. Ümumiyyətlə, Rusiyanı ordan tamamilə sıxışdırıb çıxarsınlar. 
Bu məsələlər Azərbaycana qarşı istifadə oluna bilər.
Ermənistan heç cür Rusiya qarşısında duruş gətirə bilməz. Rusiya qısa müddətdə Ermənistanı tam işğal edə bilər. Özü illərlə Ermənistan hakimiyyətini yaratdı və özü də onu məhv edə bilər. Ancaq bizim sərhədimizin qırağında belə müharibəni istəmirik. Çünki, bizə qarşı da hücumlar ola bilər. Təbii ki, biz də istər-istəməz bu müharibəyə qoşulmalı olarıq. İstəyirik ki, bu məsələlər diplomatik yolla həll olunsun. 5 aprel Brüsseldə keçiriləcək görüşdə Blinkenin dediyi məsələmi müzakirə olunacaq? Qətiyyən yox. Çünki, Paşinyan artıq Rusiyanın çətiri altından çıxıb və Amerika, Fransa, Avropanın çətiri altına girmək istəyir. Ancaq onlar buna təhlükəsizlik zəmanəti verə biləcəkmi? Məsələ bundadır ki, hansı zəmanəti verəcək? 2008-ci il Gürcüstan hadisələri yadımızdadır. Amerika, Qərb o zaman Saakaşvilini irəli atdı. Nəticədə də Gürcüstan 2 böyük ərazisindən-Cənubi Osetiya və Abxaziyadan məhrum edildi. Hər iki ərazi Gürcüstandan alındı və Rusiyanın tabeliyinə keçdi. İndi də onlar Ermənistanı qızışdırıb Rusiyaya qarşı istifadə etmək istəyirlər. Cənubi Qafqazda vəziyyəti gərginləşdirirlər. Təbii ki, bu gün Ermənistanın iqtisadiyyatının böyük əksəriyyəti Rusiyanın təsiri altındadır. Həm elektrik enerji sistemi, həm fabrik zavodların böyük əksəriyyəti, həm sərhədləri. Bu mənada Rusiya hələlik iqtisadi riçaqlardan Ermənistana təsir göstərmək üçün istifadə etməyib. Yəqin ki, yaxın günlərdə ilk olaraq buna başlanacaq. Rusiya Ermənistana satdığı qazı öz əhalisində satdığı qiymətdən ucuz satır. Dünya bazarı qiymətinə satsa, Ermənistan çökəcək. Qaz kəsilsə, Ermənistanda böyük fəsadlar olacaq. Digər tərəfdən də Peskovun dəfələrlə qeyd etdiyi kimi, Ermənistanın özündəndən çox erməni Rusiyada yaşayır. Onları Ermənistana göndərsələr, bu zaman vəziyyətin necə dəyişəcəyi də aydındır. 
Ona görə də, Blinkenin Azərbaycan Prezidenti ilə danışığında dediyi fikirlər, iqtisadi məsələlər, təbii ki, doğru deyil. Orda Ermənistanın təhlükəsizliyi haqqında ola bilsin ki, müqavilə bağlanmasın, amma ciddi söhbət olacaq. Ermənistana dəstək üçün də müəyyən işlər aparılır. Amerikanın təlimçiləri Ermənistanın Müdafiə Nazirliyində 5 günlük təlim keçirməyə başlayıblar. Müəyyən işlər aparırlar. Bundan əlavə bunu da qeyd edim ki, Fransa Respublikasının Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar vəziyyəti gərginləşdirməyə xidmət edir. Biz bilirik ki, bütövlükdə Fransa Azərbaycan əlehinə çıxışlar edir və onların fikri Azərbaycana qarşı Ermənistanda revanşist qüvvələr hazırlamaqdır. Bu görüşdən sonra Rusiya-Ermənistan münasibətləri daha da gərginləşəcək və Rusiya artıq başqa əlac qalmadığını nəzərə alaraq əvvəlcə iqtisadi riçaqlardan, sonra siyasi və hərbi riçaqlardan istifadə edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31