İlham Əliyevin mesajları ABŞ-Aİ-Ermənistan görüşündə aparılacaq müzakirələrə təsirsiz ötüşməyəcək
5 Aprel 2024 09:00 SiyasətAzərbaycanın haqq səsi okeanın o tayında belə eşidilməkdədir. Dəfələrlə qeyd edilib ki, Azərbaycanın razılığı və iştirakı olmadan heç bir regional və beynəlxalq layihələrin həyata keçirilməsi mümkün deyil. Elə bu dəfə də fikrimiz özünü doğrultdu və Azərbaycanı narahat edən məsələyə elə okeanın o tayından aydınlıq gətirildi. Ölkəmizi narahat edən məqam ondan ibarət idi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşündə Ermənistanın təhlükəsizlik adı altında bu ölkənin silahlandırılması məsələsi müzakirə oluna bilər.
Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək Azərbaycanın bu narahatçılığına aydınlıq gətirib. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Buna baxmayaraq, Ermənistanın görüş öncəsi fəallaşaraq hərbi təxribata əl atması Azərbaycanı rahat buraxa bilməz. Belə ki, məlum görüşün keçirilməsinə 3 gün qalmış Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Bu bir daha onu deməyə əsas verir ki, Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşü fərqli motivdə təqdim edilsə də, reallıqda hərbi paktın imzalanacağı mümkün variantdır. Məhz sözügedən paktın imzalanmasını arqumentləşdirmək üçün regionda gərginlik atmosferi yaradılır. Çox gümank bu kimi arqumentlər nəzərə alınaraq Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi ilə telefon söhbətində ölkəmizin mövqeyini bir daha çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu vurğulayıb. Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.
Etiraf edilməlidir ki, dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər dövlət və milli maraqlarımızdan irəli gəlir. Məhz bu fikirlərin məntiqi nəticəsi deməyə əsas verir ki, Azərbaycanın sülh təklifləri qüvvədədir, heç bir halda dövlət maraqları konteksindən kənara çıxa bilməz. O da sirr deyil ki, Qərb ilə ABŞ arasında Cənubi Qafqazda nüfuz mübarizəsi olsa belə, əslində mübarizə Azərbaycan və Ermənistan üzərindən aparılır. Qərb faktiki olaraq Ermənistanı öz tərəfində, Azərbaycanı isə Rusiyanın yanında göstərməyə çalışır. Görünür, Qərb bu təəssüratı yaradıb Bakıya təzyiq istəklərinə nail olmağa çalışır. Azərbaycan üçün prioritet məsələ isə sülh müqaviləsinin imzalanması, delimitasiya prosesinin davam etməsidir. Bu halda ABŞ və Aİ-nin Ermənistanın təhlükəsizliyinə hansısa "təminatlar" verməsi, silahlandırması, maliyyə yardımı ayırması heç şübhəsiz ki, Ermənistanın danışıqlarda manipuyasiya etməsinə imkan verəcək. Nəzərə almaq lazımdır ki, Ermənistan hələlik konsisution qaydada Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, Azərbaycan ərazisi olan kəndləri qaytarmayıb, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində razılıq yoxdur. Odur ki, Aİ və ABŞ-nin hansısa "təhlükəsizlik təminatı" Ermənistanın daha destruktiv mövqe tutmasına və yekunda, sülh prosesinə zərbə vurma ehtimalını qaçılmaz edir. Nəzərə alaq ki, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb və de-fakto müharibə vəziyyəti davam edir. Baxmayaraq ki, dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Erməistan tərəfindən isə istənilən anda hərbi təxribatların törədiləcəyi gözləniləndir. Bu baxımdan, hesab olunur ki, Prezident İlham Əliyevin telefon danışığı zamanı ötürdüyü mesajlar Ermənistan-ABŞ-Avropa İttifaqı formatında aparılacaq müzakirələrə təsirsiz ötüşməyəcək.
Alim