Dövlətimiz Fransaya da, onun qıcıqlandırıb üzərimizə göndərmək istədiyi hər kəsə də yerini göstərəcək - ÖZƏL
4 Aprel 2024 12:48 Siyasət"Bizim bir xalq deyimimiz var: "Çax-çax baş ağrıdır, dəyirman öz işindədir". Fransa ümumiyyətlə, bu münaqişə dövründə, Ermənistanın işğalı dövründə, bütün mərhələlərdə Azərbaycanın bu və ya digər şəkildə əl-ayağına dolaşmağa cəhd edirdi. Özəlliklə də, hazırkı prezident Makron hakimiyyətə gəldikdən sonra, ümumiyyətlə, Fransa Azərbaycan üçün baş ağrısına çevrilməyə çalışırdı".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.
"Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bütün gücü ilə səfərbər oldu. Müzəffər Ali Baş Komandanın başqanlığı altında Azərbaycan xalqı - kiçikdən-böyüyə hər kəs səfərbər olundu. Öz qolumuzun gücünə, alnımızın təri, şəhidlərimizin qanıyla torpaqlarımızı işğalçılardan azad etdik. O da yadımızdadır ki, 44 günlük Vətən Müharibəsi günlərində də Fransa "nala-mıxa" vururdu. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa bu prosesdə neytral mövqe tutmalı idi. Amma tuta bilmədi. Təbii ki, Minsk qrupu da çoxdan ölüb, yoxdur. Üstəlik də Fransanın nə deməsindən, necə etməsindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edib, bütün ölkə boyu Azərbaycan sərhədləri çərçivəsində dövlətimizin suverenliyi təmin edilib. Ona görə də Fransa nazirinin istər ABŞ-la görüşdə, istərsə də başqa yüksək tribunalarda nə deməsi heç nəyi dəyişmir. Yəni dediyim kimi, onlar baş ağrıtmaqla məşğuldurlar, könül bulandırmaq istəyirlər. Amma biz də onu heç vecimizə almırıq. Azərbaycan dövləti və Azərbaycan xalqı öz haqqını şəhidlərin qanı hesabına təmin edib. Yüz belə nazir, min belə tribunada nə istəsə deyə bilər. Bu, Güney Qafqazda heç nəyi dəyişməyəcək. Hələ üstəlik nəzərə almaq lazımdır ki, Fransa ermənilərin sakitləşmək istədiyi bir zamanda belə ortalığı qarışdırmaq istəyir. Bu isə ondan xəbər verir ki, Fransa dövləti, onun rəsmi siyasəti erməniləri yenə də qan-qada ilə üz-üzə qoymağa çalışırlar. Biz bundan narahat deyilik. Ordumuz sağ olsun, gücümüz də var. Dövlətimiz gərək olacağı təqdirdə, Fransaya da, onun qıcıqlandırıb üzərimizə göndərmək istədiyi hər kəsə də yerini göstərəcək, bundan narahat deyilik".