Fransanın xarici işlər nazirindən əslində bu bəyanat gözlənilən idi - ÖZƏL
4 Aprel 2024 12:26 Siyasət"Amerikanın dövlət katibi Blinken ilə görüşdə Fransanın xarici işlər nazirinin Azərbaycanı ittiham etməsi, bölgəmizdə sülhün maraqları baxımından növbəti fitnəkarlıqdır. Çünki Fransa xarici işlər nazirinin verdiyi bəyanat bütünlüklə iftiradır, böhtandır və bu gün regionda cərəyan edən sülh prosesinin ayrı-ayrı istiqamətlərindən birini baş-ayaq çevirmək cəhdidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Ona görə ki, Azərbaycan nəinki Ermənistanın ərazi bütövlüyünü mübahisələndirmir, əksinə, yaxın tarixə bələd olanlar və o cümlədən də Fransanın xarici işlər naziri çox yaxşı bilir ki, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan dövlətlərin ərazi bütövlüyünün tanınması ilə bağlı 1991-ci il Almatı bəyannaməsini bəyan edib və dövlətlərin ərazi bütövlüyünə qarşı tanınması prinsipi ilə münasibətlərin normallaşması təklifini ilk dəfə olaraq müharibədən sonra məhz Azərbaycan irəli sürüb. Belə şəraitdə Fransanın xarici işlər nazirinin Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü guya tanımamaqda günahlandırması, regionda fitnəkarlıq siyasətidir, Ermənistanı yenidən müharibəyə təhrik etmək siyasətidir, bizim bölgəmizdə, yəni Qafqazda sülh prosesinin irəlilədilməsi ilə bağlı Azərbaycanın səylərini heçə endirmək cəhdidir.
Məqsəd aydındır, çünki bu bölgədə sülh quruculuğu, sülh arxitekturasının ilkin başlanğıcı Azərbaycanın adı ilə bağlıdır. Bu bölgədə yeni reallıqları Azərbaycan yaradıb. Bu reallıqlar bölgəmizdə hər hansı bir müharibə riskinin aşağı salınması məqsədilə xidmət edir. Qərb ölkələri, o cümlədən də Fransa, bölgədə sülhün əleyhinə açıq-aşkar siyasət apardıqlarına görə sülhə xidmət edən hər bir vəziyyəti iqnor eləməyə çalışırlar.
Fransanın xarici işlər nazirindən əslində bu bəyanat gözlənilən idi. Çünki Azərbaycanla Ermənistan arasında hələ sülh sazişinin imzalanmadığı bir dövrdə Ermənistanın tərəfində dayanaraq Azərbaycanı ittiham etmək, əlbəttə, bir fitnəkarlıqdır. Buna görə də Fransanın xarici işlər nazirinin bu bəyanatı təkcə bölgədə sülhü təhlükə altında qoymur. Eyni zamanda Fransanın özünün onsuz da sıfıra qədər dağılmış bölgə reytinqini daha da darmadağın edib. Ermənistanı nə qədər yeni fitnəkarlıqlara sövq etməyə çalışsalar da, bu, sonda Ermənistanın daha böyük məğlubiyyətinə gətirib çıxaracaq. Çünki bölgəmizdə Azərbaycanın yaratdığı yeni reallıqlar Azərbaycanın gücünə söykənir, bölgənin ölkə dövlətlərindən bəzilərinin etimadına və müdafiəsinə söykənir. Ona görə də Fransanın bu cür bəyanatları hər nə qədər sülhün əsaslarını dağıtmağa yönəldilmiş olsa da, perspektivsizdir və Ermənistanın vəziyyətini daha da ağırlaşdırır".