Makronun ermənipərəst mövqeyi Fransanın nüfuzuna xələl gətirir
5 Aprel 2024 11:47 SiyasətHazırda yürüdülən siyasət Fransa və Ermənistanı dalana salacaq
Fransanın tarix boyu ermənipərəst siyasət yürütməsinə baxmayaraq Azərbaycan-Fransa münasibətləri indiki qədər gərgin olmayıb. Məlumdur ki, iki dövlət arasında normal münasibətlərin saxlanması, ikitərəfli və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycan tərəfi mütəmadi olaraq konstruktiv mövqe nümayiş etdirib. Xüsusən, müstəqillik əldə etdikdən sonra Azərbaycan üzləşdiyi "Dağlı Qarabağ" probleminin ədalətli həlli məqsədilə bu ölkə ilə əməkdaşlıqda maraqlı olub. Baxmayaraq ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olunan Fransa 30 illik vasitəçilik dönəmində daim Ermənistanın mövqeyini müdafiə edib, ancaq ölkəmizin siyasi rəhbərliyi bunu anlayışla qəbul edərək münasibətlərin qorunub saxlanması istiqamətində lazım olan bütün addımları atıb. Çox təəssüf ki, ölkəmizin siyasi nəzakəti, beynəlxalq hüquq normalarına uyğun davranışı Fransanı razı sala bilməyib. Çünki, Fransa üçün nə Ermənistanın təhlükəsizliyi, nə də Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq məsələsi maraqlı deyil. Fransa sadəcə, Ermənistan kartı ilə Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək, Azərbaycana təzyiq yolu ilə isə ölkənin yeraltı və yürüstü sərvətlərində pay əldə etmək niyyətindədir. Xatırladaq ki, Azərbaycanın 20 faiz ərazisi təcavüzkar Ermənistan dövlətinin işğalı altında olanda Fransa şirkətləri qanunsuz olaraq həmin ərazilərdə ermənilərlə işbirliyi yaratmışdılar. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra fransız şirkətləri bu "yağlı tikədən" məhrum olublar. Hazırda Azərbaycandakı Fransa şirkətlərinin fəaliyyəti isə ikitərəfli müqavilə əsasında tənzimlənir. Həmin şirkətlərinin fəaliyyət dairəsində məsuliyyət məsələləri də müqavilədə əksini tapıb. Beləliklə qəzəbindən zəncir çeynəyən Fransa bütün mümkün vasitələrdən istifadə etməyə çalışır ki, regionda hansısa paya sahib olsun. Ölkəmizə qarşı açıq-aşkar şər və böhtan kampaniyasını ön plana keçirən Fransa bu işə Avropa, Almaniya, ABŞ və bir sıra beynəlxalq təşkilatları da cəlb edib.
Elə aprelin 2 də Fransa XİN rəhbərinin ABŞ Dövlət katibi ilə mətbuat konfransında Azərbaycanla bağlı səsləndirdiyi iddialar dediklərimizin bariz nümunəsidir. Fransa XİN rəhbəri Stefan Sejurnenin ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdə Azərbaycan əleyhinə irəli sürdüyü iddiaları təsadüfi hesab etmək olmaz. Görünür, Fransa bu mövqeyi ilə ABŞ-dən Azərbaycana qarşı apardığı çirkin kampaniyaya dəstək almaq istəyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında da aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. Fakt ondan ibarətdir ki, bütün cəhdlərə baxmayaraq Fransa ölkəmizə qarşı qərəzli niyyətindən, xüsusən də bütün imkanlardan istifadə edərək Azərbaycanı hədəfə gətirmək planından əl çəkməyib. Elə bu səbəbdən də Cənubi Qafqazda reallaşmaqda olan sülh prosesini pozaraq regionu yeni münaqişə ocağına çevirmək kimi çirkin niyyətini nümayiş etdirir. Başa düşüləndir ki, Fransa ölkəmizə qarşı bu cür qeyri-əxlaqi addımları düşünülmüş şəkildə atır. Nəzərə almaq lazımdır ki, bu ölkənin siyasi rəhbərliyi başdan ayağa erməni lobbisinin təsiri altındadır və hakimiyyət kreslosunu qorumaq üçün onların diktəsilə fəaliyyət göstərmək zorundadır. Ancaq, Fransanın dövlət və siyasi xadimləri dərk etməlidirlər ki, Makronun ermənipərəst mövqeyi heç bir halda bu ölkənin nüfuzuna xələl gətirməməlidir. Fransa birmənalı şəkildə başa düşməlidir ki, ona Cənubi Qafqazda neokolonializm siyasəti həyata keçirməsinə imkan verilməyəcək. Əksinə, hazırda Makronun yürütdüyü siyasətin, eləcə də regionda vəziyyətin gərginləşməsinə yönəlmiş əməllərinin fəsadlarını həm Fransa dövləti, həm də ciddi cəhdlə müdafiə etməyə çalışdığı Ermənistan yaşamağa məcbur olacaq. Çünki, Fransanın beynəlxalq aləmdə nüfuzuna xələl gətirən Afrika və Yaxın Şərqdə həyata keçirdiyi müstəmləkəçi siyasəti hələ də davam etməkdədir. Belə halda Fransa Azərbaycanı ittiham etməkdənsə, Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarmalı, öz müstəqilliyinə qovuşmaq istəyən koloniyalarda fəallara qarşı təzyiq, təqib və cəzalandırma metodlarından, həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkmək haqqında düşünməlidir. Sözügedən məsələdən çıxış yolu axtarmaq əvəzinə Fransanın hazırda yürütdüyü aqressiv siyasət və destruktiv fəaliyyət onsuz da zədələnmiş imicini daha da korlayır. Ermənistan da nəhayət anlamalıdır ki, qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmaq əvəzinə, Fransa kimi müstəmləkəçi dövlətə sığınmaq onun özünü çıxılmaz vəziyyətə salacaq.
Alim