Fransa XİN rəhbərinin açıqlamaları gözlənilməz deyil-Elçin Xalidbəyli- ÖZƏL

"Nəzərə almaq lazımdır ki, Fransanın, Avropa Birliyinin və Avropadakı bəzi qurumların Azərbaycana qarşı böhtan xarakterli açıqlamalar verməsi, təzyiq göstərmək cəhdlərinin arxasında məhz Fransa və Fransanın maraqlarının təmin olunması üçün atılan addımlar dayanır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Ona görə də, hesab etmək olar ki, Fransa XİN rəhbərinin Azərbaycanla bağlı son böhtan məzmunlu açıqlamaları o qədər də gözlənilməz deyil. Azərbaycan-Fransa münasibətləri son illərdə həddindən artıq gərginləşib. Azərbaycan Fransanı Cənubi Qafqaza buraxmaq niyyətində deyil. Sülh prosesindən Fransanı tamamilə kənarlaşdırıb. İndi Fransanın yalnız Ermənistanda yerləşərək Cənubi Qafqaza təsir göstərmək imkanları var. Ermənistan strategi baxımdan o qədər də əhəmiyyətli dövlət olmadığından rəsmi Paris Azərbaycana qarşı təzyiqləri artırmaqla öz niyyətlərinə çatmaq ümidini qorumağa çalışır. Bu baxımdan hazırda Aİ, ABŞ, o cümlədən Azərbaycana qarşı beynəlxalq qara piarın əsas avanqard qüvvəsi olan Fransanın da Azərbaycana yönəlik atdığı addımlar demək olar ki, gözlənilməz deyil və bütün bu addımlara vaxtında reaksiya verilir. Böyük ehtimalla rəsmi Bakını bu təzyiqlər qarşısında geri çəkilməyə məcbur etmək mümkün olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31