Ermənistan başa düşür ki, bu kimi təxribatlar Bakı tərəfindən cavabsız qoyulmayacaq-Züriyə Qarayeva- ÖZƏL
3 Aprel 2024 20:09 Siyasət"Ermənistan tərəfinin təxribatları artıq bizim üçün təəccüblü, gözlənilməz deyil".
Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:
"Təxribat ritorikası Ermənistanın simasını əks etdirən bir ritorikaya çevrilib. Postmünaqişə dövründə biz bu ritorikanın daha da intensivləşməsinin müxtəlif mərhələlərdə şahidi ola bilmişik. Təsadüfi deyil ki, yaxın zamanlarda müxtəlif formatlarda görüşlər keçirilirsə, həmin görüşlər öncəsi gündəmi dəyişdirmək, özünü bir növ yazıq görkəmində göstərmək üçün bu cür təxribatlara əl atılır. Çünki, Ermənistan tərəfi Azərbaycanın da verəcəyi adekvat reaksiyanı yaxşı anlayır. Başa düşür ki, bu kimi təxribatlar heç də Bakı tərəfindən cavabsız qoyulmayacaq. Verilən reaksiya nəticəsində Ermənistan həm özünün qarayaxma kampaniyasını işə salır, həm də Azərbaycan tərəfini dırnaqarası işğalçı ölkə kimi dünyada təqdim etməyə can atır. Əlbəttə, burada qarşıdan gələn 5 aprel konfransını da gözardı etmək olmaz. Aİ-ABŞ-Ermənistan nümayəndələri arasında həmin tarixdə keçiriləcək görüşdə hərbi paktın imzalanması gözlənilir. Bununla bağlı Azərbayvan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamanın da məzmunu deməyə əsas verir ki, Ermənistanın silahlandırılması, hərbi müqavimətinin artırılması ilə bağlı birgə səylər ortaya qoyulub. Həmin qüvvələr bölgədə hərbi eskalasiyanım yaşanmasından yanadırlar. Yəni, bu gün şərti sərhəddə baş verən təxribat həmin ritorikanın, siyasətin tərkib hissəsidir. Burada eyni zamanda, Rusiya amilini də gözardı etmək olmaz. Məlumdur ki, Ermənistan tərəfi son dövrdə, xüsusən, Rusiyadan qopma siyasətini sanki daha aşkar şəkildə icra etməyə başlayıb. Bu da Qərbdən verilən şərtlərin ağırlaşmasından irəli gəlir. Çünki, Paşinyan bu günə qədər iki masada əyləşmək siyasətini həyata keçirirdi. Bu da onu hakimiyyətə gətirən Qərbin maraqlarına heç də uyğum gəlmirdi. Ona görə də Paşinyan artıq fakt qarşısında qoyulduğuna görə Rusiyadan ayrılma yolunda sanki daha ciddi addımlar atmağa çalışır. Bu kimi təxribatların davam etməsi ilə də Azərbaycanın qarşılıqlı reaksiyasının verilməsi təmin edilməyə çalışılır. Həmin reaksiya zamanı Rusiyanın prosesə qarışmaması nəticəsində Rusiyaya qarşı iddialar səsləndiriləcək: Rusiya Ermənistanı müdafiə etmədi, Ermənistanın toxunulmazlığı istiqamətində Rusiya heç bir addım atmadı və beləliklə, Ermənistanın KTMT üzvlüyündə qalmasına da heç bir ehtiyac yoxdur. Bu faktorlar kontekstində biz icra olunan təxribatları qiymətləndirə bilərik".