Aprel döyüşləri Azərbaycan ordusunun döyüş hazırlığının sınağı idi- ÖZƏL

"8 il öncə baş vermiş bu döyüşlər, həm də Azərbaycan ordusunun döyüş hazırlığının sınağına çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bəzi hərbi texnikalar da döyüşdə sınaqdan keçirildi. Bundan başqa, Talış kəndi istiqamətindəki yüksəkliklərin işğaldan azad edilməsi Naftalan şəhəri üçün təhlükəni aradan qaldırmağa imkan verdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Rəşad Mahmudovun sözlərinə görə, xüsusilə strateji əhəmiyyət kəsb edən Lələtəpə yüksəkliyinin azad edilməsi Horadiz şəhərinin müdafiəsini gücləndirməyə və ümumilikdə Füzuli rayonu istiqamətində geniş əraziyə nəzarət etməyə imkan yaratdı və bu şanlı döyüşün nəticəsi olaraq ümumilikdə, 2000 hektardan çox ərazimiz işğaldan azad olundu:
"Aprel döyüşlərinin ən mühüm hərbi-siyasi əhəmiyyəti ondan ibarət oldu ki, əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirən ordumuz strateji əhəmiyyətli əraziləri azad edərək, cəbhə xəttində konfiqurasiyanı dəyişdirdi. Bu döyüşlərin ən mühüm tarixi nəticələrindən danışarkən isə xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də təhlükəsizlik tam təmin edildi, dinc əhaliyə qarşı real təhlükə aradan qaldırıldı. Azərbaycanlı məcburi köçkünlər bərpa işlərindən sonra tarixi yurd yerinə qayıtdılar və beləliklə, aprel qələbəsi Böyük Qayıdış prosesinin başlanğıcı oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31