Ermənistan yaxşı olar ki, bu oyunlardan əl çəksin-Kazım Kazımov- ÖZƏL
2 Aprel 2024 20:13 Siyasət"Bilindiyi kimi həm 44 günlük Vətən müharibəsi sonrası, həm Qarabağdakı son antiterror əməliyyatlarından sonra, həm də bu gün Azərbaycanın bütün sahələrdə Ermənistan üzərində tam diplomatik hərbi və siyasi qələbə çaldığını deyə bilərik".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu gün küncə sıxışan Ermənistan əlində heç bir güc qalmadıqdan sonra təəssüflər olsun ki, Naxçıvan Muxtar Respublikasındakı mövqelərini atəşə tutmuşdur. Bu Ermənistanın təcavüzkar siyasətinin davam etdiyini göstərir. Ancaq Ermənistan unutmamalıdır ki, biz onu həm Vətən müharibəsi, həm də antiterror əməliyyatlatı dönəmində əzmişik, Ermənistan ordusunu döyüşə bilməyəcək hala gətirmişik. Bu gün döyüş qabiliyyətinin böyük bir hissəsini itirən Ermənistan ordusunun Azərbaycanın mövqelərini xüsusən də, Naxçıvan Muxtar Respublikasının ərazisindəki mövqelərini atəşə tutmağı Ermənistanın hələ də sərsəm iddialarda qaldığını və bölgədə sülhü arzulamadığını çox yaxşı göstərir. Ermənistan yenə bu təcavüzkar, atəşi pozma siyasətinə əl ataraq Cənubi Qafqazda öz qərbli havadarlarını görmək istəyir. Onlar yenə də iddia etmək istəyirlər ki, bölgədə sülhün əmələ gəlməməsində səbəbkar Azərbaycandır. Biz çox yaxşı bilirik ki, bu gün Azərbaycan Ermənistanla görüşlərə hazırdır, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın təmin olunması üçün diplomatik fəaliyyətlərini həyata keçirir. Lakin Ermənistan sülh məsələsində nəinki davamlı siyasət həyata keçirmək, hətta gah Fransadakı erməni lobbisi ilə, gah ABŞ-də, Rusiyada, İranda və Avropadakı digər havadarları ilə çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh bağlanmasın və bölgədə gərginlik davam etsin. Ancaq Ermənistan anlamalıdır ki, bunun sonu yoxdur. Bu təcavüzkar siyasət Ermənistana heç nə qazandırmadı. 30 ildən bir az da artıq müddət ərzində işğal etdiyi torpaqları əzilərək geri qaytardı. Eyni zamanda, iqtisadiyyatı çökmüş vəziyyətdədir, əhalisi artmır, azalır, ordusunun içərisində xaotik bir vəziyyət var, siyasi xaos yaşanır. Ermənistandakı son seçkilər göstərdi ki, burada xüsusən, siyasi fəallığı ilə bilinən İrəvan əhalisi arasından belə bir apatiya meydana gəlibdir. Ermənistan yaxşı olar ki, bu oyunlardan əl çəksin və Azərbaycanla Ermənistan arasındakı sülhün təmin olunması üçün çalışsın".