Əgər divardan silah asılıbsa, bu silahdan istifadə olunacaq-Sultan Zahidov- ÖZƏL
2 Aprel 2024 19:57 Siyasət"Ermənistanın bu gün Naxçıvan istiqamətində atəşkəsi pozmağı və ümumiyyətlə, Azərbaycana yönəlik təxribatları davam etdirməsi, Azərbaycan-Ermənistan şərti sərhəddində pozuculuq işləri ilə məşğul olması gözlənilən idi".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu hal-hazırda Cənubi Qafqazda baş verən gərginlik ssenarisinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Ermənistan son aylar intensiv şəkildə silahlanır, Ermənistanın Avropadakı hamiləri, o cümlədən, Fransa, digər istiqamətdə də Hindistan Ermənistanı silahlandırmağa davam edir. Məşhur rus ədəbiyyatında "Çexov silahı" misalı var. Əgər divardan silah asılıbsa, bu silahdan istifadə olunacaq. Ermənistan da sözsüz ki, silahları alırsa, bu o deməkdir ki, bu silahlardan istifadə etməyə və ümumiyyətlə, regionda sülhü pozmağa niyyətlidir. Bu ilk növbədə ondan irəli gəlir ki, Ermənistan hal-hazırda öz xarici siyasət kursunda 180 dərəcə dəyişiklik edərək Qərbdən özünə hamilər axtarmaq niyyətindədir. Belə hamilərdən biri sözsüz ki, Fransadır. Fransa da öz növbəsində Ermənistanın siyasətini istiqamətləndirir. Ermənistanın hərbi siyasətini istiqamətləndirir ki, burada əsas məqsəd Cənubi Qafqazdan Rusiyanı çıxarmaq və burada nüsuf sahibi olmaqdır. Ermənistan da sözsüz ki, bütün bu geosiyasi proseslərin qurbanına çevrilməkdədir. Şərti sərhəddə Ermənistan tərəfindən istehkamların tikilməsi, fortifikasiyaların möhkəmləndirilməsi, hərbi texnika və canlı insan qüvvəsinin sərhədə yeridilməsi-bütün bu hadisələrin hansı zaman kəsiyində baş verdiyini nəzərdən keçirsək görərik ki, bundan bir həftə öncə Ermənistana NATO-nun baş katibi səfər etmiş və Ermənistanla əməkdaşlıq sənədi imzalanmışdır. Aprelin 5-də isə Ermənistan-ABŞ-Aİ-nin iştirakı ilə Brüsseldə görüşün baş tutması gözlənilir. Burada da Ermənistanla bəhs etdiyim tərəflər arasında təhlükəsizliklə bağlı sənədin imzalanması gözlənilir. Bütün bu baş verənlər onu göstərir ki, Ermənistan Qərbə arxayın olaraq, onun ipi ilə quyuya enib və beləliklə regional sülh prosesinə destruktiv təsir göstərir. Bundan itirən Ermənistan olacaqdır. Çünki, Ermənistan heç bir halda Azərbaycana qarşı ciddi təhdid edici addımlar ata bilməz. Azərbaycan ordusu daim hazır vəziyyətdədir, öz suverenliyinə, ərazi bütövlüyünə törədilmiş qəsd cəhdlərinin hər zaman cavabını verəcəkdir. Digər tərəfdən həm Rusiya, həm İran narahatdır. Ermənistana həm Rusiyanın, həm də İranın zərərverici addımlar atmağı gözləniləndir".