“Qərb ölkələrinin səfirləri Xocalıya gedib, o insanların acısını paylaşmalı idi”- Elman Cəfərli- ÖZƏL

Ermənistan Azərbaycanla sərhəddə hərbi fəallığı davam etdirir. 44 günlük Vətən müharibəsində məğlub olmuş ölkənin hər an hərbi təxribata əl atması ehtimalı güclüdür. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a bildirib ki, Ermənistanın hərbi təlim adı altında silahlı qüvvələrini Azərbaycanla şərti sərhəddə cəmləşdirməsi təsadüfi sayıla bilməz. 
"Son 3 ildə Qarabağda və sərhəddə baş verən hadisələr əslində Ermənistan üçün ciddi bir dərsdir. Lakin düşmən ölkəni dayanıqlı sülhdən yayındıran, Azərbaycana qarşı revanşist hərəkətlərə vadar edən güclər var. Bu, ilk növdədə Fransa başda olmaqla Avropa Birliyi və ABŞ-dır. Onlar Ermənistanı silahlandırmaq, Cənubi Qafqazı yenidən döyüş meydanına çevirmək, Türkiyənin, Azərbaycanın geosiyasi maraqlarına zərbə vurmaq istəyirlər. Azərbaycan işğaldakı Qarabağ və Şərqi Zəngəzuru azad edib. Qarabağ münaqişəsi artıq mövcud deyil. 44 günlük savaş Ermənistanın yalvarışları üzündən dayandırıldı. Düşmən ölkə üçtərəfli Bəyanata imza ataraq üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər sırasında Azərbaycanla Naxçıvan MR arasında quru sərhədlərin açılması-Zəngəzur dəhlizinin işə salınması, habelə Qazaxın 7, Naxçıvanın 1 kəndinin azad edilməsi də var. Lakin Ermənistanın 4 ilə yaxındır ki, bu öhdəliyi yerinə yetirməkdən yayınır".
Elman Cəfərli deyib ki, Ermənistan hərbi təxribatlara əl atarsa, cavabı ağır olacaq: "Qarabağın azadlığını 26 il gözlədik. Rəsmi Bakı, vasitəçilər dəfələrlə Ermənistandan işğala son qoymağı tələb etmişdi. Lakin düşmən bunu qulaqardına vururdu. Nəticə nə oldu? Azərbaycan problem öz gücü ilə-hərbi yolla həll etdi. İndi ortada bir problem var. İşğal altında olan strateji əhəmiyyətə malik 8 kəndimiz azad edilməlidir. Ermənistan hamilərinə güvənib revanşizmə meylənməkdənsə, bu kəndləri azad etməlidir. Yoxsa, Azərbaycan bu problemi də çözmək qüdrətindədir".
QHT sədri bildirib ki, Ermənistanı sərhəddə hərbi fəallığa sövq edən güclərin hərəkəti də qınanmalıdır:
"Onların təhriki ilə son günlər şərti sərhəddə hərbi hərəkətlilik müşahidə olunur. Bu gün Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub. Bu fəallığı dayandırmaq, erməni tərəfinin hərbi təxribatlara getməsini əngəlləmək lazımdır. Belə görünür ki, ABŞ-a, Avropa Birliyinə qalıcı sülh lazım deyil. Onlar Cənubi Qafqazın yenidən müharibə meydanına çevrilməsini istəyirlər. Əks halda 30 il işğala, Xocalı soyqırımı kimi qandonduran faciəyə göz yuman Qərb ölkələri Azərbaycanın 8 kəndlə bağlı qanuni tələblərinə bu qədər narahat olmazdılar. 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində 613 azərbaycanlı erməni quldurları tərəfindən qətlə yetirilib. 487 nəfər yara alıb, şikəst olub. Bu günlərdə Xocalı soyqırımı itkinlərindən 7 nəfərinin qalıqları dəfn edildi. Yaxşı olardı ki, ABŞ, Fransa, Almaniya kimi ölkələrin səfirləri Xocalıya səfər edəydi,dəfndə iştirak edəydi, 30 il əzizlərinin taleyindən xəbərsiz qalmış o insanların acısını paylaşaydı. Bunu etmədilər. Çünki onlar üçün türkün, müsəlmanın qanının tökülməsi öz maraqları yanında xırda qalan məsələdir. Qərəzli və cılız mövqeyi ilə "xristian klubu" imicini qazanmış Avropa Birliyindən, hər zaman erməni terrorçularının arxasında dayanan Fransadan bundan artığını gözləmək də düzgün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31