Ən ciddi təhdid Azərbaycana və Türkiyəyə qarşı yönəlib-Oqtay Qasımov- ÖZƏL
1 Aprel 2024 22:41 Siyasət"5 apreldə keçiriləcək üçtərəfli görüş təbii ki, Azərbaycanı da ciddi şəkildə narahat edir."
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Baxmayaraq ki, ABŞ və digərləri tərəfindən verilən məlumat ondan ibarətdir ki, guya bu Ermənistanın iqtisadi vəziyyətini, onun digər dayanaqlıqlarını təmin etmək üçün keçirilən bir görüşdür. Amma təbii ki, biz bunun belə olmadığını və Ermənistan tərəfindən verilən açıqlamalarda bu görüşmədə Ermənistanın təhlükəsizliyi ilə bağlı müəyyən təminatların verilməsi məsələsinin də müzakirə olunacağını, hətta hansısa bir təhlükəsizlik təminatları ilə bağlı sənədin imzalanacağı da ehtimal edilir. Təbii ki, belə bir görüşmə ilk növbədə Azərbaycana qarşıdır. Bölgədə sülhə və sabitliyə ciddi bir zərbə olacaq. Azərbaycan-Ermənistan arasında sülh prosesinin aparılmasına əngəl törədəcək. Eyni zamanda, Ermənistandakı revanşist əhval-ruhiyyənin güclənməsinə gətirib çıxaracaq. Təbii ki, bu Azərbaycanı ciddi şəkildə narahat edir. Bu baxımdan da Azərbaycanın reaksiyası təbiidir. Azərbaycan özünə qarşı yönəlmiş təhdidləri dəf etmək üçün adekvat addımlar atmaq hüququnu da özündə saxlayır. Bu görüş təbii ki, həm də Rusiyanın maraqlarına ziddir. Bəzən hətta bunun İranın maraqlarına da zidd olduğunu söyləyirlər. Amma mən düşünürəm ki, bu və digər formada Rusiyanın, İranın maraqlarına toxuna bilər. Amma ən ciddi təhdid Azərbaycana və Türkiyəyə qarşı yönəlib. Çünki, bölgədə marağı olan digər qüvvələrin hamısı Azərbaycan-Türkiyə tandeminin güclənməsində və Güney Qafqazda əsas nüfus sahibi olmasında maraqlı deyillər. Xüsusilə də Qərb, o cümlədən, Rusiyanın özü də, İran da Türkiyənin Güney Qafqazdakı rolunun və nüfusunun artmasında heç də maraqlı deyillər. Bu qüvvələrin hər birinin maraqlarının birləşdiyi bir nöqtə ondan ibarətdir ki, onların heç biri Türkiyənin güclənməsini, Azərbaycanla əlaqələrinin inkişafını və Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Azərbaycan üzərindən Orta Asiya çıxışını türk dünyasının inteqrasiyasının güclənməsində maraqlı deyillər. Bu baxımdan Qərbin də, Aİ-nin, Amerikanın, o cümlədən, digərlərinin də əslində, açıq şəkildə deməsələr də, arxa planda əsas hədəf əslində, Azərbaycan-Türkiyə tandemidir deyə bilərik. Məhz Azərbaycan Xarici İşlər Nazirliyinin də sərt açıqlaması hesab edirəm ki, həm də bundan qaynaqlanır".