Bu bölgələrin ruhunu dəyişməyə yönəlmiş addımdır-Tural İsmayılov- ÖZƏL
1 Aprel 2024 20:10 Siyasət"Əlbəttə ki, sistematik şəkildə Ermənistanın müharibəyə hazırlaşdırıldığını görürük".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Ermənistandan istifadə edən qüvvələr Azərbaycanla sülh məsələsində maraqlı olmadığını dəfələrlə nümayiş etdirmiş oldular ki, sonuncu baş verən hadisələrdə biz bunun növbəti dəfə şahidi oluruq. Ermənistanla hansısa Azərbaycanın iştirak etmədiyi danışıqların aparılmağı hesab edirəm ki, bölgəyə ancaq gərginlik ocaqları bəxş edir. Bu gərginlik də Azərbaycanla Ermənistan arasında hansısa pozitiv məqamların iştirakına deyil, əksinə, iki ölkə arasında münasibətlərin ruhunun zədələnməsinə səbəb olur. Bu baxımdan bu gün Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları fonunda Ermənistan ölkəmiz əleyhinə qızışdırılmağı prosesi sürətli formada davam edir. Haqdan, ədalətdən danışan beynəlxalq dünya Cənubi Qafqazda Rusiya, Türkiyə və Azərbaycan əleyhinə yeni koalisiyalar formalaşdırmağa çalışır. 5 apreldə keçiriləcək görüşün də bu kontekstdən olduğunu güman edirəm. ABŞ-Aİ-Ermənistan yeni bir üçlü format yaradır ki, bu bölgələrin ruhunu dəyişməyə yönəlmiş addım hesab olunmalıdır. Yəni, Cənubi Qafqaz regionunda Qərbin iştirakı ilə hansısa yeni formatlar yaratmaq və burada Azərbaycanın mövqelərini, maraqlarını nəzərə almamaq tendensiyası gedir. Bu da sülhlə bağlı Azərbaycan və Ermənistan arasında yarana biləcək etimad mühitini çox ciddi formada zədələyir. Nəticədə bölgənin vəziyyətinin daha da pisləşməyinə səbəb olur".